Namiq Abbasov: "Qarabağ" qələbəyə köklənmiş oyun nümayiş etdirəcək

"Qarabağ" klubu bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində Xorvatiya təmsilçisi "Dinamo" ilə cavab matçına çıxacaq.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanın start fiti saat 20:45-də səsləndiriləcək.
Görüşü İngiltərədən olan baş hakim Maykl Oliver idarə edəcək.
Qeyd edək ki, tərəflər arasında baş tutan ilk oyun Xorvatiya klubunun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Cavab matçını ilə bağlı proqnozlarını bölüşən idman jurnalisti Namiq Abbasov "Sherg.az"a söyləyib ki, Qarabağ artıq 11 mövsümdür bizi təəccübləndirir: 

''Onların Avrokupoklardakı baxımlı oyunları, qazandığı mövqey və imiclə azarkeşlərini sevindirir. Təbii ki, Ağdam klubu bizləri bu gün də təəccübləndirə bilər. Lakin rəqib təcrübəlidir. Ola bilsin ki, "Dinamo" meydanda qapansın və yaxud oyun tərzini diqtə etsin. Bunu 90 dəqiqəlik oyun ərzində müşahidə edəcəyik. Amma "Qarabağ" -ın hər zaman belə oyunlara hazırlıqları, taktikalı gedişləri mövcuddur. Ümid edirəm ki, bu gün də "Qarabağ" qələbəyə köklənmiş oyun nümayiş etdirəcək. Sadəcə olaraq üç topun əvəzini çıxmaq müəmmalı görünür. Qeyd edim ki, bu mövsüm Avrokuboklarda çox maraqlı oyunlar izlənilir. "Qarabağ"-ın "Dinamo" ilə cavab matçı da bu silsilədən olacaq. İstənilən halda ümid edirəm ki, "Köhlən atlar"qrup mərhələsinə keçə biləcək. Əks halda, onsuz Avropa Liqasında yeri hazırdır. Yəni, qrupa düşərək mübarizəni davam etdirəcək. Əsas odur ki, Avrokuboklardan kənarda qalmayacayıq. Ancaq "Qarabağ"-ın oyununu Çempionlar Liqasında seyr etsək, daha yaxşı olardı".