ABŞ-nin Nyu-Hempşir ştatında nadir hallarda rast gəlinən və ağcaqanadlar tərəfindən ötürülən Şərqi At Ensefaliti (EEE) virusu səbəbindən bir nəfər ölüb.
Bakupost.az xəbər verir ki, Nyu-Hempşir Səhiyyə və İnsan Xidmətləri Departamenti (DHHS) bildirib ki, "EEE virusunun səbəb olduğu insan infeksiyası sonuncu dəfə 2014-cü ildə qeydə alınıb. O zaman 3 nəfərdə bu infeksiya aşkarlanıb, onlardan 2-si ölümlə nəticələnib".
Rəsmilər hesab edirlər ki, bu təhlükə iqlim dəyişikliyi səbəbindən daha da pisləşir.
Maraqlıdır, belə bir virusun Azərbaycanda yayılma ehtimalı varmı? Ümumiyyətlə, Şərq at ensefalitinin əlamətləri hansılardır? Necə qorunmaq olar?
Məsələilə bağlı infeksionist-həkim Mərdan Əliyev "Sherg.az"a bildirib ki, bu virus növü çoxdan məlumdur:
''Yəni, yeni yaranmayıb və endemikdir. Bir sözlə, xəstəlik ABŞ-ın şərq hissələrində xarakterikdir. Təbii ki, həmin ərazilərdən başqa yerlərdə yayılma ehtimalı da var. Lakin hazırda Şərqi At Ensefalitinin hər bir bölgədə yayılma riski yoxdur. Çünki xəstəliyin yaranıb artması üçün uyğun şərait və coğrafi ərazi olmalıdır. Yəni, xüsusi bataqlıqlar, xəstəliyi yaradan ağcaqanadlar gərəklidir. Qeyd edim ki, həmin xəstəlik daha çox quşlardan insanlara və atlara ağcaqanadlar vasitəsilə yoluxur. Azərbaycanda isə Şərqi At Ensefaliti virusunu yaradan səbəblər, şərait yoxdur. Çünki virus ən azı 2-3 ağcaqanad növü vasitəsi ilə yoluxur. Həmin növ ağcaqanadlar isə ölkəmizdə mövcud deyil. Bunun üçün həmin virusun ölkəmizdə yayılma ehtimalı sıfır faizdir. Doğrudur, EEE virusu təhlükəli xəstəlik hesab olunur. Metallığı çoxdur və beyin iltihabı törədir. Qeyd edim ki, həmin virus rast gəlinən çox nadir xəstəliklərdən biridir".