Xamneyi: İsrailin hücumunu nə kiçiltmək, nə də şişirtmək lazımdır

İsrailin İrana cavab hücumundan sonra Tehrandan açıqlamalar gəlməyə davam edir.

Sherg.az xəbər verir ki, İranın dini lideri Əli Xamneyi deyib ki, İsrailin hücumu “nə kiçildilməli, nə də şişirdilməlidir”.

Dörd silahlı qüvvələrin şəhid ailələri ilə görüşdə ilk açıqlamasını verən Xamenei, israillilərin hücumların təsirini əslində olduğundan daha böyük göstərməyə çalışdıqlarını, lakin İran daxilində də bu hücumların daha kiçik göstərilməsinin  "yanlış" olduğunu söyləyib.

“Bizim bunun heç bir şey olmadığını və əhəmiyyət kəsb etmədiyini söyləmək düzgün olmazdı”, - Xamenei deyib.

Dini lider əlavə edib: “Sionist rejimin səhv hesablaması alt-üst edilməlidir. Onlar İranı, onun gəncliyini, millətini tanımırlar. Onlar hələ İran millətinin gücünü, istedadını, təşəbbüsünü və iradəsini tam dərk etməyiblər, bunu onlara başa salmalıyıq”.

Rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Xamneyi həmçinin bildirib ki, Tehran rəsmiləri İranın gücünü necə ən yaxşı şəkildə nümayiş etdirəcəklərinə qərar verməlidirlər.

Qeyd edək ki, İsrail ordusu ötən gün İrandakı hərbi obyektlərə dəqiq hücumlar həyata keçirib.

İran mediasının məlumatına görə, Tehran və Kərəc şəhərində çoxlu partlayışlar baş verib.

İran hücumlara cavab verməyə hazır olduğunu və mütənasib şəkildə cavab verəcəyini bildirib və 4 əsgərinin öldürüldüyünü açıqlayıb.

Tehrandakı partlayışlarla eyni vaxtda Suriyanın paytaxtı Dəməşq və Homs əyalətində də partlayışlar baş verib.