Zelenskinin Türkiyə tələbi: Müşahidəçi ola bilər

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ nümayəndə heyətinin Rusiya və Ukrayna ilə ayrı-ayrılıqda keçirdiyi görüşlərdən sonra Səudiyyə Ərəbistanında mətbuat konfransı keçirib. 

Sherg.az xəbər verir ki,   Zelenski Qara dənizdə naviqasiya təhlükəsizliyinin təmin edilməsi və enerji infrastrukturuna hücumların dayandırılması ilə bağlı danışıqlardan sonra əldə olunan razılaşmanın dərhal qüvvəyə mindiyini, Rusiyanın razılaşmaları manipulyasiya etməyə və təhrif etməyə başladığını bildirib.

Rusiyanın razılaşmaları pozacağı təqdirdə ABŞ prezidenti Donald Trampdan silah dəstəyi və Rusiyaya sanksiya tələb edəcəyini bildirən Zelenski deyib: "ABŞ tərəfi bu razılaşmaların onların açıqlamalarından sonra qüvvəyə mindiyini düşünür. Ancaq Rusiyanın bu qaydalara əməl edəcəyinə inanmıram".

Zelenski Ukraynanın razılaşmaları yerinə yetirmək üçün hər şeyi edəcəyini, lakin hücumlarını davam etdirəcəyi təqdirdə Rusiyanın sərt cavabla üzləşəcəyini bildirib. Zelenski deyib ki, danışıqlar zamanı ABŞ rəsmilərinə enerji infrastrukturuna hücumlarla bağlı razılaşmaya əsasən hədəfə alınmamalı olan obyektlərin siyahısı təqdim edilib.

ABŞ-ın Ukrayna ilə bağlı etdiyi yazılı açıqlamada Rusiyanın kənd təsərrüfatı və gübrə ixracı üçün qlobal bazara çıxış əldə etməsinə kömək edəcək bir bəndin yer almadığını söyləyən Zelenski, “Bu, sanksiyaların və mövqelərimizin zəifləməsi anlamına gəldiyinə inanırıq” deyib.


Zelenski "ABŞ tərəfi bu prosesin uğursuzluğa düçar olmaması üçün bir çox təfərrüata varmaq istəmədi. Amma hər halda detalların cavablarını anlamaq məcburiyyətindəyik" deyib. Zelenski Türkiyənin Qara dənizdə atəşkəsin monitorinqinə cəlb oluna biləcəyini, Yaxın Şərq ölkələrinin də enerji infrastrukturu ilə bağlı atəşkəsə cəlb oluna biləcəyini, lakin bu məsələlərin bu ölkələrlə hələ müzakirə edilmədiyini vurğulayıb.

Zelenski həmçinin ABŞ-ın Ukraynaya qiymətli metallarla bağlı genişləndirilmiş saziş layihəsi təqdim etdiyini açıqlayıb və əlavə edib ki, onun hələ yeni layihəni təfərrüatlı şəkildə araşdırmaq imkanı yoxdur, lakin ABŞ-ın Ukraynanın nüvə enerjisi sektoruna daha çox cəlb edilməsi təklifi bu layihəyə daxil edilməyib.