Prezident: "Dünyanın məşhur kardioloji mərkəzlərində aparılan əməliyyatların ölkəmizdə gerçəkləşdirilməsi təqdirəlayiqdir"




Azərbaycan Prezidenti İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Bakı Ürək Günləri" IV Beynəlxalq Konqresi və Avrasiya Ürək-Damar Cərrahiyyə Cəmiyyətinin 15-ci Konfransının iştirakçılarına təbrik məktubu ünvanlayıb.

APA-nın məlumatına görə, açılış mərasimində məktubu Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub.

Təbrik məktubunda bildirilir:

"Azərbaycan kardioloqları, kardiocərrahları müxtəlif ölkələrdən ölkəmizin paytaxtında gələn alimləri səmimi salamlayır, Konqresinizin işinə uğurlar, insanların sağlamlığı naminə nəcib fəaliyyətinizdə hər birinizə nailiyyətlər arzu edirəm. Kardiologiya, ürək-damar cərrahiyyəsinin inkişafında özünəməxsus mövqeyi ilə seçilən ənənəvi Bakı Konqresi bu günün təbabətinin müalicə üsullarının və texnologiyalarının Azərbaycanda tətbiqinə layiqli töhfələrini verməkdədir. Dünyanın mötəbər tibb mərkəzlərini təmsil edən tanınmış kardioloq, alim və cərrahların iştirakı ürək-damar xəstəliklərinin müalicəsinə dair son elmi nailiyyətləri müzakirə ediləcək Konqresinizin yüksək nüfuzunun göstəricisidir. Gənc mütəxəssislər üçün təcrübə məşğələlərinin keçirilməsi isə onun elmi-praktik əhəmiyyətini xüsusi ilə artırır. Avrasiya Ürək-Damar Cərrahiyyə Cəmiyyətinin 15-ci Konfransı ilə birlikdə təşkil edilən hazırkı Konqresin xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr edilməsinin rəmzi mənası var. Heydər Əliyev ölkəmizdə səhiyyə sisteminin davamlı təkmilləşdirilməsi üçün kifayət qədər geniş imkanlar yaradıb. Sonrakı dövr ərzində Azərbaycanın səhiyyə sisteminin inkişafı, həmçinin kardiologiyanın dünya standartları səviyyəsinə yüksəldilməsi istiqamətində xeyli işlər görülüb. Dünyanın məşhur kardioloji mərkəzlərində aparılan mürəkkəb əməliyyatların hazırda ölkəmizdə yeni nəsil kardioloqlar tərəfindən müvəffəqiyyətlə gerçəkləşdirilməsi təqdirəlayiqdir. Ümidvaram ki, kardiologiyanın və ürək-damar cərrahiyyəsinin aktual məsələlərinin qabaqcıl mütəxəssislərin iştirakı ətraflı müzakirəsi ölkəmizin xarici əlaqələrini daha da möhkəmləndirəcək, beynəlxalq təcrübədən qarşılıqlı faydalanmaqla bütövlükdə tibb elminin inkişafına xidmət edəcək".