Bu şəhərin tər qoxusu...

Avtobuslarda, metroda hamı ətrafından qorunmaq üçün burnunu tutur


Pediatr Vaqif Qarayev: "Qadınlar, kişilər sintetik geyimləri çox alır. Sintetik parça dərini nəfəs almağa qoymur, bədəndə təbii qızışma başlayır, tər ifrazatı da artır. Üstəlik, adam tez-tez yuyunmursa, dəridəki bakteriyalar tərlə reaksiyaya girir və pis qoxu yaranır"



Avtobusda, metroda sərnişinlərin pis qoxudan əziyyət çəkdiyinə çox şahidlik edirik. Nə edək, bizim yayımızın da dözülməz halı budur; insanlarımızın təmizliyə – şəxsi gigiyenaya biganəliyindən yaranan burun «çatladan» qoxular. Niyə tər qoxusu yazmadıq? 

Çünki tərin qoxusuz olduğu artıq təsdiqlənmiş həqiqətdir. Necə ki, su – iysiz, qoxusuz, rəngsiz mayedir, tər də eləcə – qoxusuzdur, əslində. Pis qoxunu yaradan tər deyil, bədəndəki zərərli bakteriyalardır. Bakteriyalar da natəmizlikdən, gigiyenik qaydalara riayət edilməməsindən, geyindiyimiz libasla, istifadə etdiyimiz antiperspirant və ətirlərlə dərimizin reaksiyaya girməsindən yaranır.

Yayın bu heç cür həllini tapmadığını düşündüyümüz problemin çox sadə üsulu var.

Kondisionersiz avtobuslar əsl məşəqqətdir

Pediatr Vaqif Qarayevlə hamımızı düşündürən problemlərə işıq salmağa çalışdıq.
Həkim bildirdi ki, isti havada təbii olaraq tər vəzilərinin işi artır. Yayda insanların tərləməsi normal haldır. İnsan tərləyəndə nə baş verir? Tər mayedir və insan çox tərləyirsə, deməli, orqanizm normal fəaliyyəti üçün lazım olan mayeni itirir. Bu isə sağlamlığa ziyandır, xüsusilə də uşaqlar, yaşlılar və xroniki xəstəlikləri, ürək-damar sistemi problemi olanlar üçün təhlükəlidir. Xüsusilə uşaq orqanizmi maye itkisinə tez reaksiya verir. Bunun qarşısını almaq üçün, ən birinci şərt odur ki, günün qızmar saatlarında harasa getmək lazım deyil. Məcburiyyət yoxdursa, ictimai nəqliyyatdan istifadə etməsinlər. «Məcburiyyət yoxdursa» sözümü bir də təkrarlayıram. İctimai nəqliyyat problemimiz təəssüf ki, həllini tapmayıb. Kondisionerli yeni avtobuslar var, amma hamısı belə deyil. Metroda da kondisionerli vaqonlar da var, kondisionersiz vaqonlar da. Kondisionersiz avtobuslarda və metro vaqonlarında hərəkət etmək əsl məşəqqətdir. Mən də ictimai nəqliyyatdan istifadə edirəm və vəziyyətin dözülməz olduğunu görürəm. Bundan əlavə kondisionerli avtobuslar və metro vaqonları da temperatur problemi yaradır. Görürsən ki, bəzi sərnişinlər havanın çox soyudulduğundan narahatdır. 

Biz "mediklər" bilirik ki, insan orqanizminin istiyə, soyuğa reaksiyası fərqlidir. Mənim üçün normal olan hava şəraiti, sizin üçün çox soyuq və ya isti ola bilər. Bunu nəzərə alaraq kondisionerli avtobus və metro vaqonlarında, eləcə də iş yerlərində, iaşə obyektlərində hava otaq temperaturunda olmalıdır. Bunun öz normativi var – 20-22 dərəcə normal otaq temperaturudur.

Paltar adamların əyninə yapışır

- Bəzən baxıram avtobusdan düşənlərə, istidən, tərdən paltar bədənlərinə yapışır. Bu, həm etik cəhətdən, həm də gigiyenik cəhətdən doğru deyil. Deməli, o sərnişinin əyləşdiyi oturacaq artıq tərlidir. Sonra da o oturacaqda bir başqası əyləşir. Oturacaqdakı tər o insanın da bədəninə, paltarına yapışır. Nəticədə sağlamlığımız zədələnir. Bu nəyin əlamətidir? Çox səbəblər var. Geyindiyimiz libaslar keyfiyyətsizdir, süni liflərdən tikilmiş paltarlar, sintetik geyimlərdir. Görürsən, metro çıxışlarında uşaq paltarları töküb satırlar. Ucuzdur deyə, valideynlər də alır. Başa düşürəm, hamının imkanı yoxdur, kətan, pambıq parçalardan qiyməti baha libaslar alsın. Amma bu sintetik geyimlər 1-2 həftədən sonra xarab olur, cırılır, rəngi solur. Ondansa bütün yayı geyinmək üçün bir dənə pambıq parçadan, bahalı olsa da, geyim alsınlar və rahatca yay ərzində onu uşaqlarına geyindirsinlər. Böyüklər də belə səhvlərə yol verir. Qadınlar, kişilər sintetik geyimləri çox alır. Sintetik parça dərini nəfəs almağa qoymur, bədəndə təbii qızışma başlayır, tər ifrazatı da artır. Üstəlik, adam tez-tez yuyunmursa, dəridəki bakteriyalar tərlə reaksiyaya girir və pis qoxu yaranır.

Tez-tez yuyunun

V.Qarayev hamıya tez-tez yuyunmağı məsləhət gördü:

- Bədəndən pis qoxu gəlməsinin ən sadə, asan yolu tez-tez yuyunmaqdır. Səhər işə getməyə hazırlaşırsınız, yuyunub evdən çıxın. İnanın, belədə sizdən heç bir pis qoxu gəlməyəcək. Heç hansısa ətirə, antiperspiranta da ehtiyac qalmayacaq. Ətirlər də, antiperspirantlar da əksər hallarda keyfiyyətsiz olur. Pis qoxunu qaytarmaq əvəzinə, bədənin qoxusunu daha da ağırlaşdırır. Geyimlərimiz də yay fəslinə uyğun olmalıdır. Hər fəslin öz geyim tərzi var. Yayın geyimi günəş şüasını qaytara bilən açıq rəngli, təbii parçalardan hazırlanmış geyimlərdir. Bir də görürəm uşağı həkimə gətiriblər, başına qalın papaq qoyublar ki, xəstələnər birdən. Deyirəm, ay qızım, ay xanım, bu istidə uşaq xəstələnər? Uşağın başını niyə «bişirirsiz»?.. Mütləq hər gün, gündə bir neçə dəfə yuyunmaq lazımdır ki, dəri nəfəs alsın və zərərli bakteriyalar dəri səthindən xaric olsun. Ətirdən istifadə edin, amma ətirin vurulduğu nahiyə öncə təmiz olmalıdır. Yoxsa ətir əks effekt verəcək.

Rəngli, qazlı içkilər olmaz

Pediatr xüsusilə uşaqlara aid məsələlərə toxundu:

- Hər dəfə bildiririk ki, uşaqlara rəngli, qazlı içkilər verməyin. Yenə də küçədə, parklarda görürəm, uşaqların əlinə qazlı, rəngli içkilər veriblər. Qazlı və rəngli içkilər də mineralların faizi çox olduğundan orqanizmdə su-mineral balansı pozulur və susuzluq yaranır. Yəni, istər uşaq olsun, istərsə böyüklər qazlı və rəngli – energetik içkilər qəbul etdikdə öz əlimizlə mineralların sayını artırmış oluruq, bu da susuzluğu yatırtmır, əksinə, susuzluğu daha da artırır, çünki su-mineral balansını özümüz pozmuş oluruq. Susuzluğa qarşı ən təsirli və ziyansız vasitə adi, saf sudur. Belə ifadə var; insanın sağlamlığı 10-15 faiz tibdən asılıdır. Bu, təsdiq olunmuş faktdır. İnsanın sağlamlığı təbabətdən çox az asılıdır. Özümüz sağlamlığımızın keşiyində dayanmalıyıq. Ağılla, məntiqlə. Təbabət xəstəlikləri sağaldır, xəstələrə məsləhət verir, müalicə təyin edir və sairə. Amma insan günün qızmar vaxtında heç bir məcburiyyət olmadan (məcburiyyət anlayışı da fərdlərdə müxtəlifdir), bayıra çıxır, əyninə də sintetik libas geyinir, üstəlik da qazlı, şirin sular içirsə, nəfəsi «dayanacaq» da. Körpələr, uşaqlar üçün isti hava lap ağırdır. Körpələrin bükük yerləri bişməcə olur. Çalışmaq lazımdır körpələr daha tez-tez duş qəbul etsin. 5 dəqiqəlik işdir bu. Uşağı suya salıb çıxarırsan, bədəni yüngülləşir. Mən suya müxtəlif otlar əlavə edilməsinin də əleyhinə deyiləm, xeyirli olar.

Dəniz, günəş, qum… Hardan tapaq?

V.Qarayev çimərlik probleminə də toxundu:

- Deyəcəyəm, qadağan olunmuş çimərliklərə getməyin, deyəcəklər bəs hara gedək? Təmiz çimərliklər pulludur, imkanımız çatmır. Bu da bir problemdir. İstəyir, məndən incisinlər, istəyir inciməsinlər. Çimərlik problemi qalmaqdadı. Biz həkimlər valideynlərə həmişə tövsiyə edirik ki, uşaqları dənizə aparın, qum vannası qəbul etsinlər. Dəniz havası, dənizin suyu, qum sağlamlığa son dərəcə faydalıdır. Dəniz qumunun tərkibində təbii kvas var. Amma dəniz sahilində qum qalmayıb artıq. Valideyn də deyir, hara aparaq uşağı? Qadağan olunmuş çimərliklərlə bağlı rəsmi açıqlama verilib. Amma «Şıx» çimərliyinin qarşısından keçirəm, nə qədər adam dənizdə çimir. Rəsmi qurum açıqlama verib ki, filan-filan çimərliklərin suyunda bağırsaq çöpləri aşkarlanıb. İnsanlarımız yenə əhəmiyyət vermir. Bağırsaq çöpləri olan suda çiməndə əlbəttə uşaqda mədə-bağırsaq pozuntusu yaranacaq. Artıq şikayətçilər gəlməyə başlayıb. 

Dəniz, günəş şüası, sahil qumu ən gözəl müalicə vasitəsidir. Amma valideynlər son zamanlar uşaqlardakı raxitlikdən şikayət etməyə başlayıb. Bilmirəm, hansı həkimə gedirlər, müayinənin nəticəsidir, yoxsa, həkim elə üzdən baxıb vitamin D, kalsium çatışmazlığını irəli sürür, amma çoxalıb belə müraciətlər. Azərbaycan kimi günəşli ölkədə niyə vitamin D çatışmazlığı yaşanmalıdır? Məncə, cavabı budur ki, Bakının havası çox çirklidir. Mən bunu atmosferin çirklənməsi ilə bağlayıram. Atmosferdə həddindən artıq çirklilik olduğu üçün Günəş şüaları birbaşa təmas edə bilmir. Yəni atmosfer çirkliliyindən biz Günəş şüalarını tam qəbul edə bilmirik. Valideynlərə bir də məsləhətim budur ki, vitamin D və kalsium həblərini nəzarətsiz, həkimin təyinatı olmadan uşaqlara verməsinlər. Əvvəlcə uşaqlar mütləq ciddi müayinə olunmalıdır və vitamin D və kalsium çatışmazlığı müayinələrin cavabı ilə təyin olunmalıdır. Mümkünsə, uşaqları dənizə aparın. 

Amma səhər saat 11:00-a qədər və axşam saatlarında. Adətən deyirlər 17:00-dan sonra, mənsə deyirəm, axşam 7-8-dən sonra. Ola bilər, desinlər, axşam günəş batır, daha bunun harası günəş vannası oldu. Səhər və axşam saatlarında Günəşin hərarəti də günəş vannası üçün bəs edir. Xüsusən azyaşlı uşaqlar üçün. Həmin saatlar havanın xüsusi rütubətlilik zamanıdır və bu, orqanizmə çox xeyirlidir.

Məlahət Rzayeva