Rusiya AŞPA-dan səlahiyyətlərini geri istədi, deputatlar razı deyillər

Nümayəndə heyətinin səlahiyyətləri tam olaraq bərpa edilsə, Moskva ödənilməmiş üzvlük haqlarının hamısını Avropa Şurasına köçürəcək


Rusiya nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasının (AŞPA) işində iştirak üçün ərizə verib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu bərədə rusiyalı senator Aleksandr Başkin deyib.

Başkin xatırladıb ki, Moskvanın AŞPA-nın işində iştirakı üçün əsas şərt Rusiya nümayəndə heyətinin bütün səlahiyyətlərinin bərpa edilməsidir.

O deyib ki, rusiyalı nümayəndə heyətinin səlahiyyətləri tam olaraq bərpa edilsə, Moskva ödənilməmiş üzvlük haqlarının hamısını Avropa Şurasına köçürəcək.

Lakin RİA Novosti xəbər verir ki, deputatlar Rusiya nümayəndə heyətinin səlahiyyətlərinin qaytarılmasına dair ərizəyə etiraz ediblər.

Hazırda məsələyə xüsusi komitənin baxması gözlənilir. Bunun üçün isə Prosedur Qaydalar Komitəsi hesabat hazırlamalıdır.

Sənəd çərşənbə günü təqdim olunmalıdır. Ukraynalı nümayəndələr hesabatın baxılma tarixinin təxirə salınmasını istəyiblər, lakin təşəbbüs dəstəklənməyib.

Xatırladaq ki, 2014-cü ildə Rusiya ilə Ukrayna arasında Krımla bağlı yaranmış məsələdən sonra Moskvanın nümayəndə heyəti təşkilatda əsas səlahiyyətlərindən məhrum olub. Rusiya isə nümayəndə heyətini geri çağıraraq, üzvlük haqlarının ödənilməsini dayandırıb.