Aİ və Ermənistan manipulyasiya edir - RƏY

Ermənilər torpaqlarımızı könüllü tərk etdi, amma Avropa onları “qaçqın” göstərir

Bakıda mühakimə olunanları “girov” kimi təqdim etmək təzyiq vasitəsidir

Brüsseldə keçirilən Tərəfdaşlıq Şurasının iclasının yekununda Ermənistan və Avropa İttifaqı (Aİ) arasında Strateji Tərəfdaşlıq Gündəliyi imzalanıb. Sənədi Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas imzalayıb. Aİ-nin ali nümayəndəsi imzalanma mərasimindən sonra açıqlayıb ki, Avropa İttifaqı Ermənistana sülh və dayanıqlılığın gücləndirilməsi üçün 15 milyon avro ayıracaq. Avropa İttifaqı ilə Ermənistan arasında açıqlanan yeni tərəfdaşlıq gündəliyi regionda ciddi rezonans doğurub. Sənədin mahiyyəti ikitərəfli əməkdaşlıqdan ibarət olsa da, burada yer alan Azərbaycana qarşı bəzi ifadələr nəinki siyasi balansı pozur, hətta postmünaqişə dövrünün reallıqlarını da təhrif edir. Bakı bu sənədi təkcə qərəzli yanaşma deyil, həm də sülh gündəliyi ilə birbaşa təhlükə kimi qiymətləndirir. Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib ki, sənəddə postmünaqişə dövründə reallıqları təhrif edən və bütövlükdə Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə zidd olan bir sıra məsələlərin prioritetləşdirilməsi ciddi narahatlıq doğurur. Eyni zamanda, bu, Azərbaycan-Avropa İttifaqı münasibətlərinin perspektivlərinə mənfi təsir edir: "Sənədin giriş hissəsində və bir sıra digər bölmələrində, Azərbaycan tərəfindən təqdim edilmiş reinteqrasiya planından imtina etdikdən sonra ölkəmizdən könüllü şəkildə Ermənistana miqrasiya etmiş erməni sakinlərə istinadən "Azərbaycanın hərbi əməliyyatlarından sonra köçkün düşmüş Qarabağ erməniləri" ifadəsinin işlədilməsi və bu məsələnin Aİ və Ermənistan arasında tərəfdaşlıq prioriteti kimi müəyyən edilməsi, eləcə də bu kateqoriya insanların "qaçqın" statusunda qeyd edilməsi Azərbaycana qarşı qərəzin açıq-aydın nümunəsidir. Azərbaycanla Ermənistana birbaşa aid olan və sırf ikitərəfli xarakter daşıyan bir məsələnin üçüncü tərəflə gündəmə gətirilməsi tamamilə məntiqsizdir. Həmçinin, qeyd olunub ki, insanlıq əleyhinə cinayətlər və hərbi cinayətlərdə ittiham olunan və məhkum edilmiş erməni əsilli şəxslərin "əsir" statusunda qeyd edilməsi və onların azadlığa buraxılmasının ayrıca prioritet kimi müəyyən edilməsi reallıqların ciddi şəkildə təhrif edilməsidir və qəbuledilməzdir.

Millət vəkili Tural Gəncəliyev Sherg.az-a açıqlamasında deyib ki, Ermənistan və Avropa İttifaqı (Aİ) arasında imzalanmış sənəddə əks olunanlar tamamilə absurddur. Deputat vurğulayıb ki, sənəddə "qaçqın" adlandırılan ermənilər torpaqlarımızın işğalından sonra qanunsuz şəkildə orada məskunlaşmışdılar: "Beynəlxalq humanitar hüquq həmin erməniləri qanunsuz məskunlaşmış adamlar kateqoriyasına aid edir. Qarabağa təkcə ermənilər yerləşdirilməmişdi axı. Orada Yaxın Şərqdən, Livandan gətirilmiş insanlar da məskunlaşmışdı. Torpaqlarımız işğal altında olarkən Xankəndi və ətraf bölgələrə minlərlə erməni köçürülüb. Halbuki, onlar Ermənistan vətəndaşı olublar və işlənən valyuta da erməni dramı olub. Məhz bu faktların özü həmin ermənilərin Qarabağa qanunsuz köçürüldüyünü göstərirdi. Ona görə də Azərbaycan tərəfi təklif etdi, hətta portal açdı ki, ölkə vətəndaşlığını qəbul etmək, qanunlarımızı tanımaq şərti ilə orada qala bilərlər. Ancaq özləri istəmədi və könüllü olaraq torpaqlarımızı tərk edərək Ermənistana getdilər. Əksəriyyəti heç Ermənistanda da qalmır, başqa ölkələrə üz tuturlar. Ona görə də Aİ-nin və Ermənistanın Qarabağı könüllü tərk etmiş erməniləri "qaçqın" adlandırması, Bakıda məhkəmə qarşısında cavab verən cinayətkarları "girov" kimi təqdim etməsi manipulyasiya və təzyiq vasitəsidir. Birincisi, əgər onlar Ermənistan vətəndaşıdırsa, öz ölkələrində niyə "qaçqın" sayılırlar? Yaxud separatçılar Azərbaycan vətəndaşıdırsa, Bakıda mühakimə olunursa, necə "girov" sayıla bilər?! Bunun ümumiyyətlə, Aİ-yə, Ermənistana dəxli olmamalıdır".