Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini İdarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul etməsi yalnız dini qurumların iştirakı ilə keçirilən növbəti görüş kimi qiymətləndirilməməlidir.
Görüşün tərkibi və gündəmə gətirdiyi məsələlər Azərbaycanın türk və İslam dünyasında mövqeyinin daha geniş konseptual çərçivədə təqdim olunmasına imkan verir.
Əslində, burada söhbət Azərbaycanın özünün tarixi, mədəni və mənəvi potensialını beynəlxalq kommunikasiya imkanlarına çevirməsindən gedir. Azərbaycan həm türk dünyasının, həm də Qafqazın mühüm hissəsidir. Eyni zamanda ölkə İslam dünyası ilə münasibətlərində yalnız siyasi tərəfdaşlıq deyil, mədəni və mənəvi əməkdaşlıq xəttini də önə çəkir. Bu baxımdan TDT çərçivəsində dini idarə rəhbərlərinin bir araya gəlməsi təsadüfi deyil.
Azərbaycan son illərdə İslam həmrəyliyini praktik addımlarla dəstəkləyən ölkələrdən biri kimi çıxış edir. 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi və Bakıda İslam Həmrəyliyi Oyunlarının keçirilməsi, İslam Əməkdaşlıq Təşkilatı və ICESCO çərçivəsində həyata keçirilən təşəbbüslər Azərbaycanın bu istiqamətdəki siyasətinin yalnız deklarativ xarakter daşımadığını göstərir.
Bu siyasətin digər mühüm elementi Azərbaycanın dünya mədəniyyətinə bəxş etdiyi böyük şəxsiyyətlərin və zəngin irsin daha geniş auditoriyaya çatdırılmasıdır. Azərbaycan xalqının tarixən yaratdığı elmi, ədəbi, fəlsəfi və mədəni irs təkcə milli sərvət deyil, eyni zamanda türk, Qafqaz və İslam sivilizasiyalarının ümumi mədəni xəzinəsinin mühüm hissəsidir.
Məhz bu məqamda Yəhya Bakuvi kimi şəxsiyyətlərin irsinin beynəlxalq səviyyədə təbliği xüsusi əhəmiyyət qazanır. Belə şəxsiyyətlər Azərbaycanın tarixinin yalnız regional çərçivədə deyil, daha geniş sivilizasiya kontekstində təqdim edilməsinə imkan yaradır. Bu isə ölkənin “mədəni diplomatiya” imkanlarını genişləndirən mühüm amildir.
Azərbaycanın bu gün dünyaya çatdırmaq istədiyi mesaj yalnız mədəni irslə məhdudlaşmır. Qarabağ məsələsi həmin mesajın ən mühüm siyasi və tarixi komponentlərindən biridir.
Azərbaycanın 30 ilə yaxın işğal dövründə yaşadığı faciələr, Xocalı soyqırımı, yüz minlərlə insanın öz doğma yurdlarından didərgin düşməsi, şəhər və kəndlərin dağıdılması, tarixi-mədəni abidələrin, o cümlədən məscidlərin məhv edilməsi ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir.
Bu baxımdan Qarabağ məsələsinin türk və İslam dünyasına çatdırılması xüsusi əhəmiyyət daşıyır. Çünki söhbət yalnız ərazi münaqişəsindən deyil, həm də mədəni irsin məhvindən, dini abidələrin dağıdılmasından və tarixi yaddaşın silinməsi cəhdlərindən gedir.
Azərbaycanın mövqeyinin əsasını isə belə bir prinsip təşkil edir: sülh mümkündür, amma tarix unudulmamalıdır. Azərbaycan Ermənistanla sülh prosesini dəstəkləyir, lakin işğal illərində baş verənləri unutmaq niyyətində deyil. Bu yanaşma həm milli yaddaşın qorunması, həm də gələcək nəsillərə tarixi həqiqətlərin çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Digər tərəfdən, Qarabağ münaqişəsinin üç onillik ərzində həll olunmaması beynəlxalq sistemdəki ikili standartlar məsələsini də gündəmə gətirir. Azərbaycan uzun müddət BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmamasını, ATƏT-in Minsk qrupunun nəticəsiz fəaliyyətini və Ermənistanın işğal siyasətinə münasibətdə nümayiş etdirilən fərqli yanaşmaları tənqid edib.
Azərbaycanın 2020-ci ildə qazandığı Zəfər isə bu mənzərəni köklü şəkildə dəyişdi. Ölkə öz ərazi bütövlüyünü hərbi-siyasi yollarla bərpa etdi. 2023-cü ildə Qarabağ üzərində suverenliyin tam təmin olunması ilə separatizmə son qoyuldu. Bu hadisələr Azərbaycanın beynəlxalq müstəvidə öz mövqeyini daha inamlı şəkildə müdafiə etməsinə imkan yaratdı.
İndi isə növbəti mərhələ başlayıb: Zəfərin nəticələrinin quruculuq və inkişaf modelinə çevrilməsi. Böyük Qayıdış proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı layihələr Azərbaycanın müharibədən sonrakı siyasətinin əsas istiqamətini təşkil edir. Dağıdılmış şəhərlərin və kəndlərin yenidən qurulması, insanların doğma torpaqlarına qayıtması Azərbaycanın “işğaldan azad edilmiş ərazi” anlayışını “dirçələn region” anlayışına çevirməsinə imkan verir.
Bu baxımdan sentyabrın 15-də keçirilən görüşü həm də Azərbaycanın yeni kommunikasiya xəttinin tərkib hissəsi kimi qiymətləndirmək olar. Bu xətt üç əsas istiqaməti birləşdirir: mədəni irs, tarixi yaddaş və Zəfər.
Birinci istiqamət Azərbaycanın dünya mədəniyyətinə verdiyi töhfələrin təbliğidir. İkinci istiqamət işğal və onun nəticələri barədə tarixi həqiqətlərin qorunmasıdır. Üçüncü istiqamət isə Azərbaycanın Zəfərdən sonra yaratdığı yeni reallığın – Qarabağın dirçəlişinin dünyaya nümayiş etdirilməsidir.
Bu üç istiqamətin türk və İslam dünyasına çatdırılması Azərbaycanın yumşaq güc imkanlarını da genişləndirə bilər. Çünki müasir dünyada dövlətlərin gücü yalnız iqtisadi və hərbi göstəricilərlə ölçülmür. Tarixini, mədəniyyətini və milli mövqeyini dünyaya düzgün çatdıra bilmək də strateji üstünlükdür.
Bu səbəbdən qarşıdakı mərhələdə mövzular üzrə ayrıca posterlərin hazırlanması, sosial şəbəkələr üçün qısa videoların hazırlanması və Azərbaycan tarixinin, mədəniyyətinin, İslam həmrəyliyinə töhfələrinin, Qarabağ həqiqətlərinin və Böyük Qayıdışın vahid kommunikasiya xətti ilə təqdim olunması məqsədəuyğun görünür.
Beləliklə, İlham Əliyevin nümayəndə heyəti ilə görüşünü yalnız dini və mədəni dialoq çərçivəsində qiymətləndirmək kifayət deyil. Görüş Azərbaycanın türk və İslam dünyasında artan rolunun, milli-mədəni irsinin və Qarabağ Zəfərindən sonra formalaşan yeni siyasi reallıqların daha geniş auditoriyaya çatdırılması üçün mühüm platforma kimi də nəzərdən keçirilməlidir.
Azərbaycan üçün əsas mesaj isə aydındır: sülh gələcəyə baxışdır, tarixi yaddaş isə gələcəyi qoruyan qalxandır.