BMT Ermənistanın "blokada" yalanına inanmaz  - Sabiq XİN

Tofiq Zülfüqarov: "Böyük ehtimal iki yolun istifadəsi ilə bağlı çağırış şəklində hansısa bəyanat olacaq"


Ermənistanın həyasızlığı davam edir. Bir tərəfdən sülh haqqında danışan İrəvan Qarabağla bağlı BMT-nin Təhlükəsizlik Şurasına müraciət edib. Erməni tərəfinin iddiasına görə, Qarabağda mülki əhalinin vəziyyəti "ağırdır". Guya, orada "humanitar böhran" yaşanır. Ermənistanın BMT-dəki daimi nümayəndəsi Mher Marqaryan yazdığı məktubda qeyd edib ki, Azərbaycan Qarabağda yaşayan ermənilərə qarşı aqressiv davranır, onları “blokada”da saxlayır. Onların məntiqi ilə Azərbaycan Laçın dəhlizini açmalı və Ermənistandan Qarabağa maneəsiz yüklərin daşınmasına imkan verməlidir. 30 il torpaqlarımızı işğalda saxlayan, 1 milyona yaxın insanımızı yurd-yuvasından didərgin salan Ermənistan indi də Azərbaycanın daxili işlərinə burnunu soxmağa çalışır. Anlamırlar ki, rəsmi Bakı heç bir şəkildə daxili işlərinə qarışmağa Ermənistana icazə verməyəcək. Azərbaycan Xarici İşlər Nazirliyi İrəvanın pozucu addımlarına qarşı bəyanatla çıxış edib. XİN-dən vurğulanıb ki, Ermənistan yenidən BMT TŞ-ni manipulyasiya kampaniyası üçün alətə çevirməyə cəhd göstərir. Qeyd olunub ki, Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar edilməsi istiqamətində göstərilən səylər İrəvanın məqsədyönlü gərginlik və revanşizm siyasətinin qurbanına çevrilib və ciddi çağırışlarla üzləşir: "Ermənistan 30 ilə yaxın müddət ərzində BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul olunmuş dörd qətnaməsinə məhəl qoymayan bir ölkədir". 
İrəvanın təxribatçı addımını "Sherg.az"a dəyərləndirən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, Ermənistan bundan daim istifadə edir. Keçmiş XİN başçısının sözlərinə görə, İrəvanın BMT-nin Təhlükəsizlik Şurasına müraciəti məntiqsizdir: "Ermənistan hökumətinin başçısı Nikol Paşinyan bir yandan Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını bildirir. Digər yandan, Qarabağda, guya, mövcud olan "böhranlı" vəziyyətə görə qonşu ölkənin daxili məsələsi ilə bağlı BMT-yə müraciət ünvanlayır. Yəni başqa bir dövlətin ərazisindəki proseslə bağlı iclas çağırılmasını istəyir. İstənilən halda İrəvanın mövqeyi, yanaşması qeyri-məntiqlidir. Əslində Ermənistan bunu ilk dəfə etmir. Bir neçə gün öncə də bənzər şəkildə müraciət etmişdilər. Ermənistan tərəfi iddia irəli sürür ki, guya, Azərbaycan "blokada" şəraiti yaradıb. Amma hamıya bəllidir ki, rəsmi Bakı öz suveren hüquqları çərçivəsində iki yolun istifadəsini təklif edir. Kommunikasiyalar üçün Laçın yolundan, humanitar yardımlarla bağlı isə Ağdam-Xankəndi marşrutundan istifadəni önə sürür. Bu da ermənilərin "blokada" yalanının birmənalı işfası deməkdir". 
T.Zülfüqarov vurğulayıb ki, Ermənistanın BMT-yə müraciətinin bu və ya digər şəkildə dəstəklənməsi şübhə altındadır: "Əgər Ermənistanın müraciətini təhlil etsək, görəcəyik ki, onların istəyi 10 noyabr üçtərəfli bəyanatının bir bəndinin icrasının tələbidir. Laçın yolu 2025-ci ilədək Rusiya sülhməramlı kontingentinin nəzarəti altında olmalıdır. İrəvan bu müraciətlə Qərb ölkələrindən tələb edir ki, Laçın yoluna nəzarət Azərbaycandan alınıb yenidən Rusiya sülhməramlılarına verilsin. Bu tələbin dəstək görməsi bir çox Qərb ölkələrinin siyasətinə ziddir. Ona görə də müraciətdən və dinləmələrdən real nəticə gözləmirəm. Bəzi ölkələrin nümayəndələri müxtəlif fikirlər səsləndirə bilərlər. Böyük ehtimal BMT-nin Təhlükəsizlik Şurasının sədri adından iki yolun istifadəsi ilə bağlı çağırış şəklində hansısa bəyanat olacaq. Real təsir imkanlarına malik olmayan, tövsiyə xarakteri daşıyan çağırışdan söhbət gedir. Bu da rəsmi Bakının mövqeyinə uyğun olar, çünki Azərbaycan tərəfi də iki yolun istifadəsini gündəmə gətirir".