Demokratiya və dövlətçilik ənənələri möhkəmlənir

İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması;

Konstitusiya Məhkəməsini dəstəkləmək və gücləndirmək bütün vətəndaş cəmiyyəti institutlarının borcudur


  Azərbaycanda aparılan demokratik hüquqi islahatlar insan hüquqlarının müdafiəsi sahəsində mühüm irəliləyişlərin əldə edilməsinə şərait yaradıb. Bu müddət ərzində ölkəmiz bir çox hüquqi aktlara qoşulub. BMT və Azərbaycan hökuməti arasında 1998-ci ilin avqustunda “İnsan hüquqları və demokratiyanın dəstəklənməsi sahəsində birgə layihə haqqında” Memorandum imzalanıb. 2012-ci ilin dekabrında təsdiq olunmuş “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası da insan hüquqlarının səmərəli qorunması üçün yeni imkanlar açır. Son illər ölkəmizdə bütün sahələrdə həyata keçirilən əsaslı islahatlar insan hüquq və azadlıqlarının etibarlı şəkildə təmin olunması mexanizmlərinin daha da təkmilləşdirilməsini təmin edib. Xüsusilə Azərbaycan Respublikasının 2017-ci il 10 fevral tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamı, eləcə də bu sahədə imzalanan digər fərman və sərəncamlar ölkəmizdə insan hüquqlarının təmin olunması işinə mühüm təkan verib. Məhz bu sahədə əsaslı islahatların və proqram xarakterli fərman və sərəncamların imzalanmasının nəticəsidir ki, Azərbaycanda insan hüquqlarının qorunması istiqamətində görülən işlər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Bu gün Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində beynəlxalq hüquq normalarına cavab verən geniş hüquqi baza mövcuddur. Bu hüquqların həyata keçirilməsi ilə bağlı konkret hüquq müdafiə mexanizmləri fəaliyyət göstərir. İnsan hüquq və azadlıqlarının təmin olunması istiqamətində tədbirlərin həyata keçirilməsi ilə bağlı dövlətin siyasi iradəsi mövcuddur. Bu istiqamətdə davamlı olaraq islahatlar həyata keçirilir. Həmin islahatlar nəticəsində qanunvericilik təkmilləşdirilərək müvafiq beynəlxalq sənədlərə uyğunlaşdırılır, əhalinin hüquq və azadlıqları daha yüksək səviyyədə təmin olunur. 
Ötən gün Bakıda Konstitusiya Məhkəməsinin 25 illiyinə həsr olunan “Konstitusiya normalarının tətbiqi vasitəsilə qanununvericiliyin inkişafı” mövzusunda keçirilən beynəlxalq konfransda da hüquqi sahədə görülən işlərdən geniş bəhs edilib. Tədbirdə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Prezident İlham Əliyevin beynəlxalq konfrans iştirakçılarına müraciətini təqdim edib. Konfransda Ali Məhkəmənin sədri İnam Kərimov, daxili işlər naziri Vilayət Eyvazov, ədliyyə naziri Fikrət Məmmədov, Ombudsman Səbinə Əliyeva, Baş prokuror Kamran Əliyev, Milli Məclis sədrinin I müavini Əli Hüseynli, xarici ölkələrin Konstitusiya məhkəmələrinin sədrləri, hakimlər iştirak ediblər. Ədliyyə naziri Fikrət Məmmədov deyib ki, Konstitusiya Məhkəməsi qanunvericiliyin təkmilləşdirilməsinə böyük töhfə verir. O bildirib ki, məhkəmələrin işi daim təkmilləşdirilir: "Qanunun aliliyi və insanların hüquqlarını qorunması ilə bağlı çağırışlara Konstitusiya Məhkəməsi səs verir. Konstitusiya Məhkəməsi müasir standartlara uyğun aparılan hüquqi islahatlarda fəal iştirak edir. Məhkəmə hakimiyyətinin müstəqil özünüidarəetmə orqanı olan məhkəmə hüquq şurasında Konstitusiya məhkəməsi təmsil olunur". Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib ki, 25 il ərzində Konstitusiya Məhkəməsi 25 min 545 qərar və 106 qərardad qəbul edilib. O deyib ki, bu qərar və qərardadların bir çox hissəsi insan hüquq və azadlıqları ilə bağlı olub: "Məhkəmənin mühüm səlahiyyətlərindən biri Konstitusiya və qanunların şərhidir. Konstitusiya Məhkəməsi tərəfindən bir çox qanunlar şərh edilib".
  Baş prokurorun müavini Heydər Məmmədov bildirib ki, Baş prokurorluq tərəfindən 2020-ci ildən etibarən Konstitusiya Məhkəməsinə verilmiş 18 sorğudan 14-ü üzrə Plenum qərarı qüvvəyə minib. O qeyd edib ki, Baş prokurorluq tərəfindən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə 2020-ci ildən etibarən 18 sorğunun, habelə Konstitusiya Məhkəməsinin müraciəti üzrə 25 rəyin verilməsi təmin edilməklə Konstitusiya məhkəmə icraatında iştirak edilib: "Baş Prokurorluq tərəfindən Konstitusiya Məhkəməsinə göndərilən sorğulardan 13-ü cinayət və cinayət-prosessual qanunvericiliyi, 1-i məhkəmələr haqqında, 1-i yol hərəkəti və inzibati xətalar üzrə, 1-i icbari sığorta üzrə, 1-i mülki prosessual, 1-i isə əmək qanunvericiliyi ilə əlaqədar olub". Heydər Məmmədov vurğulayıb ki, sorğulardan 14-ü üzrə Konstitusiya Məhkəməsinin Plenumunun qərarları dərc edilməklə qüvvəyə minib: "Sorğulardan 1-i üzrə Plenumun qərardadına əsasən göstərilən hüquqi mövqelər nəzərə alınmaqla sorğu üzrə ayrıca qərar qəbul edilməsinə ehtiyac olmadığından konstitusiya işinin icraatına xitam verilib, 3-i hazırda icraatdadır, sonuncusu 25 iyun tarixdə göndərilib. Verilmiş sorğular üzrə Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən verilmiş 14 qərardan 3-ü üzrə qaldırılan məsələlərin tənzimlənməsi və qanunvericiliyə dəyişikliklər edilməsi üçün Milli Məclisə tövsiyələr, qalan qərarlar üzrə isə müvafiq şərhlər verilib".
  Ali Məhkəmənin sədri İnam Kərimov bəyan edib ki, Konstitusiya Məhkəməsi ölkəmizdə demokratiyanın inkişafına və dövlətçilik ənənələrinin möhkəmlənməsinə önəmli töhfə verib. O bildirib ki, Konstitusiya Məhkəməsinin yaradılması hüquqi dövlət quruculuğunun inkişafına təkan verən mühüm bir addım idi: "Konstitusiya ölkənin siyasi mədəniyyətinin tərkib hissəsi kimi onun funksionallığının əsasını təşkil edir. Konstitusiya həmçinin ölkənin ən ali qanunu olmaqla, demokratik cəmiyyətdə hüquq və azadlıqların sərhədlərini də müəyyən edir". İnam Kərimov qeyd edib ki, bir sıra konstitusiya normalarının rəsmi şərhi, müxtəlif sahələr üzrə qanunvericiliyin şərhi ilə Konstitusiya Məhkəməsi ölkəmizdə hüququn inkişafında mühüm rol oynayır. 
  Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib ki, Konstitusiya Məhkəməsi mövcud olduğu bütün dövrlərdə haqqa, ədalətə və bərabərliyə sarsılmaz sadiqlik nümayiş etdirib. Onun sözlərinə görə, Konstitusiya Məhkəməsi mürəkkəb konstitusion mübahisələrinin həllində, hər bir vətəndaşın hüquq və azadlıqlarının qorunmasında zəruri rol oynayıb: “Konstitusiya Məhkəməsinin Plenum qərarları cəmiyyətimizin hüquq düşüncəsini zəngiləşdirib, hüququn aliliyi, hüquqi müəyyənlik, mütənasiblik və tarazlığın bərqərar olmasında mühüm rol oynayıb və Konstitusiya Məhkəməsinin hüquqi mövqelərini formalaşdırıb.

 Məhz bu missiyanın həyata keçirilməsində Konstitusiya Məhkəməsini dəstəkləmək və gücləndirmək bütün vətəndaş cəmiyyəti institutlarının borcudur. Bu gün Konstitusiya Məhkəməsi ali konstitusiya ədalət mühakiməsi orqanı kimi öz funksiyalarını tam yerinə yetirmək üçün bir sıra yerli və beynəlxalq dövlət və qeyri-dövlət qurumları ilə əlaqələrini genişləndirir. Belə ki, bu qurumlar arasında vətəndaş cəmiyyətinin mühüm institutlarından biri olan Azərbaycan Vəkilliyinin də özünəməxsus yeri vardır”. A.Bağırov deyib ki, Azərbaycan Vəkillər Kollegiyası ilə Konstitusiya Məhkəməsi arasında çoxşaxəli, səmərəli əməkdaşlığa və qarşılıqlı hörmətə əsaslanan münasibətlər mövcuddur: “Bu əməkdaşlıq çərçivəsində son 2 ildə Kollegiya tərəfindən Konstitusiya Məhkəməsində baxılan işlər üzrə 40-dan çox mütəxəssis rəyi verilib. Bununla da Vəkillər Kollegiyası müstəqil peşə birliyi kimi Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinin formalaşmasına öz dəstəyini göstərir”.