“Ermənistan öz məhsulları üçün alternativ bazarlara malik olmalıdır və iqtisadi üstünlüklər müqabilində suverenlik və müstəqillik məsələlərində güzəştə getməyə hazır deyil”.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan deyib.
“Əgər Rusiya bazarına məhdudiyyətlər tətbiq olunsa, Ermənistan ixracını tamamilə Avropa İttifaqına yönəltməyə hazırdır. Ermənistan hökuməti artıq Rusiya bazarında məhdudiyyətlərlə üzləşə biləcək Ermənistan məhsullarının Avropa İttifaqına ixracı üçün tələb olunacaq subsidiyaların məbləğini hesablayıb”, - nazir bildirib.
Gevorqyan qeyd edib ki, hakimiyyət orqanları artıq kənd təsərrüfatı sektorunun nümayəndələri ilə Avropa bazarına daxil olmaq yolunda əsas maneələri müzakirə edib:
“Keyfiyyət və istehsal həcmləri ilə bağlı məsələlər həll olunub, amma əsas çətinlik logistika xərclərinin yüksək səviyyədə olmasıdır. Bu səbəbdən hökumət Avropa İttifaqına ixrac edilən məhsulların nəqliyyat və gömrük xərclərini subsidiyalaşdırmaq mexanizmlərini nəzərdən keçirir”.