Ermənistan BMT-nin bütün tələblərinə qol çəkib
QHT rəhbərləri Paşinyana açıq məktub göndərib
Azərbaycanın vətəndaş cəmiyyəti Ermənistanın dağ-mədən sənayesinin Cənubi Qafqaz regionunda ekoloji sabitliyi pozması barədə bu ölkənin Baş naziri Nikol Paşinyana açıq məktub yazıb. Məktubda vurğulanıb ki, davam edən mədən əməliyyatları nəticəsində ekosistemin korlanması təkcə Ermənistanın ətraf mühiti üçün təhdid deyil, həm də qonşu ölkələrə böyük təhlükədir. Ekoloji zərərin transsərhəd xarakteri regionda və ondan kənarda yaşayan icmaların sağlamlığını və rifahını riskə atır: "Biz, beynəlxalq ekoloji norma və standartları, region əhalisinin hüquqlarını pozmaqla aparılan dağ-mədən sənayesi işlərinin dayandırılmasını tələb edirik. Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri ekoloji, sosial və iqtisadi problemlərin həlli üçün hərtərəfli çərçivə təqdim edir. BMT-yə üzv dövlətlər təmiz hava, təhlükəsiz içməli su və sanitariya kimi amilləri sağlamlığın ətraf mühit amilləri kimi tanıyıb. Eyni zamanda BMT təmiz, sağlam və davamlı ətraf mühiti əsas insan hüququ kimi tanıyır. Lakin Ermənistan bu ekoloji cinayətləri törətməklə, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin, xüsusən “Yaxşı Səhiyyə və Rifah” üzrə 3-cü, “Təmiz su və Sanitariya” ilə bağlı 6-cı, Məsuliyyətli İstehsal və İstehlak üzrə 12-ci, “İqlim Dəyişikliyinin Fəsadlarına qarşı Mübarizə”yə dair 13-cü, “Torpaq Ekosisteminin Mühafizəsi” üzrə 15-ci Məqsədlərinin tamamilə əleyhinə çıxış edir. Ermənistanı regionda ekosistemi ciddi şəkildə korlayan aşağıda adları çəkilən müəssisələrin fəaliyyətini dərhal dayandırmağa çağırırıq". Vurğulanıb ki, Qacarandakı Zəngəzur Mis-Molibden Kombinatının, Qafandakı dağ-mədən kombinatının xrom, nikel, mis, molibden, sink, alüminium, vanadium, qurğuşun və digər ağır metal tərkibli mədən tullantıları Oxçuçayı və Araz çayını çirkləndirir. Qafan dağ-mədən kombinatı 2019-cu ildən Böyük Britaniyanın “Chaarat Gold International Limited” şirkətinin tərkibindədir və hazırda “Chaarat Kapan” adlanır. İl ərzində burada orta hesabla 1.3 milyon ton filiz emal edilir. Qafan dağ-mədən kombinatının tərkibində 4.6 milyon kvadrat metr ərazini əhatə edən Gütqum mədən tullantısı anbarı region üçün təhlükə saçır. Əkərək Mis-Molibden Kombinatının da ağır metal tərkibli mədən tullantıları Kərçivançay vasitəsilə Araz çayını zəhərləyir. İşğal dövründə Ermənistan hakimiyyəti Azərbaycanla sərhəddə yerləşən Kəlbəcərin Zod yatağını qeyri-qanuni olaraq “GeoProMining” şirkətinin tam istismarına verib. Nəticədə mədən yaxınlığındakı Zod çayı mis, dəmir, kadmium və molibden kimi ağır metallarla çirkləndirilib. Göyçə vilayətindəki Daşdəm Qızıl Mədəni ildə təxminən 10.000 unsiya qızıl hasil edir. Mədən yerli su təchizatını aramsız şəkildə çirkləndirir. Mədənin çirkab sularında arsen və civə kimi insan sağlamlığına və ətraf mühitə zərərli ağır metalların yüksək qatılığı aşkar edilib. Həmçinin Ermənistanın Lori vilayətindəki Axtala mədəni ildə təxminən 5 min ton mis və qurğuşun istehsal edir. Mədənin tullantı sularında mis, qurğuşun və sink kimi insan sağlamlığına və ətraf mühitə zərərli ağır metalların yüksək qatılığı aşkar edilib. Qafan Manqan Zavodu nəinki Ermənistandakı, dünyanın ən böyük manqan zavodlarından biridir. Zavod manqan filizi, manqan dioksidi və digər manqan məhsulları istehsal edir, illik hasilatı təxminən 1,5 milyon ton filizdir. Manqan filizinin çıxarılması və emalı zamanı hava və suya ağır metallar, toz və digər çirkləndiricilər buraxılır. Bu çirkləndiricilər tənəffüs problemləri, nevroloji xəstəliklər və xərçəng də daxil olmaqla, bir sıra sağlamlıq problemləri yaradır. Eyni zamanda qeyd olunub ki, Arazdəyəndə (Yerasx) ekoloji normaların, beynəlxalq konvensiyaların tələblərinə zidd inşa olunan yeni metallurgiya zavodunun tikintisi də dayandırmalıdır. Bu metallurgiya zavodunun zəhərli kimyəvi tullantılarının yerli ekosistemə potensial təsirləri çox böyük ola bilər. Tullantıların Araz çayına axıdılması çayda yaşayan canlılar və suvarma üçün Araz suyundan istifadə edən iri təsərrüfatlar üçün faciə deməkdir. İçməli su təchizatına bu təsir həm də sərhəd ərazilərdə yoluxucu xəstəliklərin yayılmasına gətirib çıxara bilər. Sadalanan faktlar hələ törədilmiş ekoloji fəlakətlərin görünən hissəsidir, ictimaiyyətdən gizlədilən faktlar daha çoxdur. Müraciətdə vurğulanıb ki, Ermənistan Azərbaycanın bu sahədə ixtisaslaşmış vətəndaş cəmiyyətləri təşkilatları üçün açasınız, yerində müəssisələrə baxış keçirilməsinə, qiymətləndirmə və monitorinq aparılmasına, müvafiq nümunələr götürülməsinə, ölçmə işləri edilməsinə tam şərait yaratmalıdır.
“Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyi İradə Həsənova "Şərq"ə açıqlamasında deyib ki, QHT rəhbərləri Ermənistan Baş naziri Nikol Paşinyana açıq məktub göndərmək məcburiyyətində qalıblar. Birlik sədri vurğulayıb ki, budəfəki məktubdan öncə beynəlxalq təşkilatlara bəyannamə ilə müraciət ediblər: "Arazdəyən çayının üzərində ABŞ şirkəti ilə Ermənistanın ortaq inşa edəcəyi iri metallurgiya zavodu ilə bağlı bəyanat yaydıq. Bununla bağlı Cənubi Qafqazdakı dövlətlərə müraciət ünvanladıq ki, ekoterrorun qarşısı vaxtında alınmalıdır. Çünki bunlar təkcə Azərbaycan üçün deyil, bölgədəki bütün ölkələr - Gürcüstan, Türkiyə və İran üçün də risk mənbəyidir. Ən böyük təhlükə elə Ermənistan xalqının özünü gözləyir. Əfsuslar olsun ki, Ermənistanın ekoterroru ilə bağlı səsimizə, hazırlayıb yaydığımız bəyannamələrə beynəlxalq ictimaiyyət səs çıxarmadı, lal-kar oldu. Aydındır ki, hər kəsin özünün marağı var. Nəzərə alaq ki, bölgədə sadəcə ABŞ-nin deyil, Böyük Britaniya, Almaniya, Fransa, Kanadanın da şirkətləri fəaliyyət göstərir. Onlar da regionun dağ-mədən sənayesində maraqlı tərəflərdir. Bunların qarşısı alınmalıdır. Biz dəstəyə görə Gürcüstanın vətəndaş cəmiyyətinə öz təşəkkürümüzü bildiririk. Onlar səsimizə səs verdi və ümumi bəyannamə hazırladıq. Ermənistan BMT-nin bütün tələblərinə qol çəkib, üzərinə öhdəlik götürüb. Təşkilatın əsas tələblərindən biri ətraf mühitin mühafizəsi, ekologiyanın qorunmasıdır. Ancaq bunlara əməl etmir".