İranda daha genişmiqyaslı qarşıdurmalar ehtimalı yüksəkdir - MÜSAHİBƏ

"İran rejimi geri çəkilmək niyyətində deyil və bu, onlar üçün son seçim kimi qiymətləndirilir"

Fevralın 6-da Omanın paytaxtı Maskat şəhərində İran və ABŞ nümayəndələri kritik danışıqlar üçün bir araya gəlir. Söhbətlərin əsas gündəm maddəsi Tehran ilə Vaşinqton arasında uzun illərdir gərginlik mövzusu olan nüvə proqramı və regional təhlükəsizlik məsələləridir.

Ekspertlər görüşü həm tərəflər arasında sülh və anlaşmanın bərqərar olacağı bir imkan, həm də potensial gərginliyin artacağı bir mərhələ kimi qiymətləndirirlər. Görüslə bağlı poitoloq Asif Nərimanlı Sherg.az-ın suallarımızı cavablandırdı. 

Sherg.az müsahibəni təqdim edir:

- Rusiya və Çinin prosesə dolayı şəkildə cəlb olunması ABŞ–İran danışıqlarının ikitərəfli yox, çoxtərəfli geosiyasi çərçivəyə keçdiyini deməyə əsas verirmi?

-Rusiya və Çinin prosesə qoşulması təbii ki, ABŞ ilə danışıqların daha çox çox tərəfli bir formatda keçirilməsi deməkdir. Amma burada əsas məsələ təkcə danışıqlar formatının genişlənməsi deyil. Əsas məsələ İran ətrafında başlayan proseslərin geosiyasi bir çərçivəyə daşınmasıdır. Qeyd etmək lazımdır ki, Çinin və Rusiyanın bu prosesə qoşulmasında ən çox maraqlı tərəf İrandır. İran üçün bu, ABŞ qarşısında mövqeyini gücləndirmək imkanıdır. Hətta indiyə qədər ABŞ-ın İrana qarşı müdaxilə etməməsinin əsas səbəblərindən biri də, düşünürəm ki, Rusiya və xüsusilə Çinin mövqeyidir. Məlumatlara görə, Çin arxa planda İrana həm hərbi, həm siyasi dəstək verir. Amma belə geniş bir prosesdə, ABŞ tərəfi təbii ki, Rusiya və Çinin müdaxiləsini istəmir. Hazırkı vəziyyətdə bu məsələyə qarşı həssasdırlar. Düşünürəm ki, ABŞ, Çin və Rusiyanın İran məsələsindəki mövqelərini müəyyən qədər nəzarətdə saxlamağa çalışacaq. Yəni bu həm diplomatik masada danışıqlar zamanı, həm də İrana mesaj verir ki, hərbi müdaxilə zərurəti yaranacağı təqdirdə belə vəziyyət qaçılmaz olarsa, ABŞ buna hazırdır. Amerika ilk öncə Rusiya və Çinin mövqelərini nəzarət altına almağa çalışacaq. Düşünürəm ki, bu prosesdə Rusiyanın mövqeyini tənzimləmək daha real görünür. Çünki Rusiya həm Ukraynada müharibə aparır və bu kontekstdə ABŞ ilə anlaşmağa daha meyillidir. Mənim fikrimcə, Moskva İran məsələsini, xüsusilə Ukrayna kontekstində, ABŞ ilə bir növ bazarlıq vasitəsi kimi istifadə edə bilər. Amma Çin, Rusiyayla müqayisədə bu məsələdə daha sərt tərəfdir. Ona görə də Çinin mövqeyi daha radikal görünür. Çin üçün İran, ucuz enerji resurslarını əldə etmək baxımından strateji əhəmiyyət daşıyır, amma məsələ yalnız iqtisadi əlaqələrdən ibarət deyil. Burada Avrasiyadakı siyasi proseslərin və təsir dairələrinin risk altında qalması da önəmlidir. Əgər ABŞ-ın İranla əlaqələri güclənərsə, bu, Çinin İran və Yaxın Şərqdəki təsir imkanlarını zəiflədə bilər. İran, Çinin “Bir Kəmər, Bir Yol” layihəsində əsas marşrut xətlərindən biri kimi qəbul edilir. Bu baxımdan ABŞ-ın İranda mövqeyini gücləndirməsi Çinin həmin layihədə problemlər yaşamasına səbəb ola bilər. Məlumdur ki, ABŞ Cənubi Qafqazda, xüsusilə “Trans-Adriatik” layihəsi ilə Çinin “Bir Kəmər, Bir Yol” layihəsinin orta dəhliz marşrutunda mövqeyini gücləndirib. Bu dəhliz vasitəsilə ABŞ mərkəzi Asiyada öz mövqeyini daha da möhkəmləndirib. Təbii ki, bu vəziyyətdə Çin çalışır ki, “Bir Kəmər, Bir Yol” layihəsinin digər marşrutları inkişaf etdirilsin. İran da bu istiqamətlərdən biridir. Bu baxımdan Çin, Rusiya ilə mövqelərini müəyyən qədər tənzimləyir. Amma hesab edirəm ki, ABŞ, ən azından İran məsələsini həll etmək üçün Çinlə də anlaşmağa çalışır. Trumpın bir neçə gün öncə Xi Jinping ilə telefon danışığı və İran məsələsində müzakirə aparması bunu göstərir.

- Türkiyənin İran-ABŞ danışıqlarından kənərda qalmasına səbəb nədir?

-Türkiyənin İran–ABŞ danışıqlarında kənarda qalmasının əsas səbəbi Tehranın mövqeyidir. Tehran, təbii ki, Türkiyənin prosesdə aktiv rol almasını istəmir. Çünki Türkiyənin belə bir məsələdə fəal olması, gizli və ya qismən rol alması, regional gücünü artıran bir faktor hesab olunur. Bilirik ki, Türkiyə və İran arasında müəyyən əməkdaşlıqlar mövcuddur, amma Türkiyənin regionda güclənməsi İranın strateji maraqlarına uyğun deyil. Ona görə də İran çalışır ki, Türkiyə və Ərəb ölkələri bu prosesdə iştirak etməsin. Digər səbəb isə İranın istəyidir ki, danışıqlar ABŞ-nin nüvə proqramı ilə bağlı mövqeyini çərçivələsin. Buna görə də İran danışıqların Omanda keçirilməsini təşviq edib. Bu həm Omanda danışıqların rəsmi formada aparılmasını təmin edir, həm də ABŞ-da əvvəllər aparılan danışıqlardan fərqli bir platforma yaradır. Əsas məsələ, əlbəttə ki, İranın nüvə proqramı ətrafında müzakirələrin aparılmasıdır. Omandakı danışıqların məqsədi də məhz nüvə proqramı çərçivəsində məhdudlaşdırılmış müzakirələr aparmaqdır. İran istəyir ki, ABŞ digər tələblərini, məsələn, daxildə etiraz edən qruplara dəstək və ya siyasi rəqiblərlə bağlı təzyiqləri müzakirə etməsin. Yəni, danışıqları yalnız nüvə proqramı ətrafında cəmləşdirir. Düşünürəm ki, İranın Türkiyənin prosesə daxil olmamasını təmin etməsi və danışıqların Omanda keçirilməsi bundan qaynaqlanır. Təbii ki, sual yaranır ki, ABŞ niyə buna razı oldu? Hesab edirəm ki, ABŞ öz tələblərini dəyişməyib. Sadəcə, ABŞ mövcud durumda İranı danışıqlar masasına gətirmək istəyir və bu baxımdan görüş yerinin Omanda təşkilinə razı olub. Bu, danışıqlar prosesinin başlaması üçün bir ilkin addımdır. ABŞ ən azından danışıqlar masasında İranı cəlb etməyə çalışır.

-Keçiriləcək görüşlərdə nüvə proqramının əsas gündəm olması danışıqların nəticə ehtimalını artırır, yoxsa gərginliyi daha da dərinləşdirir?

- Görüşün yalnız nüvə proqramı ətrafında, nüvə proqramı çərçivəsində məhdudlaşdırılması, əslində, nəticə əldə etməyi çətinləşdirir. Artıq görüşdən öncə belə bir fikir formalaşır ki, əgər görüş yalnız nüvə proqramı kontekstində keçiriləcəksə, nəticəyə gəlmək asan olmayacaq və görüşün konkret nəticəsi yaranmaya bilər. Çünki, qeyd etdiyim kimi, ABŞ-nin əsas tələbləri yalnız nüvə proqramı ilə bağlı deyil. ABŞ-nin tələbləri ballistik raketlərin məhdudlaşdırılması, müəyyən qüvvələrə dəstəyin dayandırılması və İran daxilində etirazçı qrupların mövqeyinin nəzərə alınması kimi məsələləri də əhatə edir. Əgər ABŞ bu tələbləri mütləq nəzərə almadan yalnız nüvə proqramı ətrafında danışıqları apararsa, bu, ABŞ-nin İran qarşısında geri çəkilməsi demək olacaq və ümumi regionun siyasətinə uyğun gəlməyəcək. Burada əsas həlledici amillərdən biri İsraildir. İsrailin tələbləri də yalnız nüvə proqramı ilə bağlı deyil, daha geniş təhlükəsizlik məsələlərini əhatə edir. Əgər bu tələblər nəzərə alınmazsa, hətta ABŞ və İran arasında razılaşma əldə olunsa belə, onun praktikada işləməsi mümkün olmayacaq. Çünki İsrail razılaşmanı qəbul etməzsə, belə bir razılaşmanın effektivliyi şübhə altına düşəcək. Ona görə düşünürəm ki, görüşdən konkret nəticə əldə etmək ehtimalı çox azdır və ABŞ hələ də İrana hərbi və diplomatik təzyiqlərini əsas aktor olaraq saxlayır.

-“Bild” nəşrinin yaydığı peyk görüntüləri və “güclü zərbə” iddiaları real hərbi hazırlıqdır, yoxsa danışıqlar öncəsi psixoloji təzyiq aləti?

-ABŞ danışıqlar masasına gəlsə belə, hərbi müdaxilə variantını hələ də aktiv gündəmdə saxlayır və bununla bağlı hazırlıqlar görür. Bunun iki əsas səbəbi var. Birincisi, danışıqlar masasında İrana təqdim olunan tələbləri qəbul etdirmək, yəni Tehranı təzyiq altında saxlamaqdır. ABŞ İran ətrafında topladığı hərbi qüvvələri danışıqlar prosesində təsir və təzyiq aləti kimi istifadə etmək niyyətindədir. İkinci səbəb isə ondan ibarətdir ki, əgər razılaşma əldə olunmazsa, İrana hərbi müdaxilə ehtimalı qaçılmaz hala gələ bilər. Hesab edirəm ki, mümkün hərbi müdaxiləni və İrana vurula biləcək zərbələri iki istiqamətdə qiymətləndirmək olar. Birinci istiqamət məhdud və konkret hədəflərə yönəlmiş zərbələrdir. Bu halda əsas məqsəd danışıqlar prosesində İranı güzəştə məcbur etməkdir. Yəni İran tələbləri qəbul etmədiyi təqdirdə ABŞ mərhələli şəkildə müəyyən hərbi obyektlərə zərbələr endirə bilər. Hətta istisna deyil ki, İranın hərbi-siyasi rəhbərliyinə yaxın şəxslər də hədəf seçilsin. Bu tip zərbələrin danışıqlar davam etdiyi bir vaxtda həyata keçirilməsi, ABŞ-nin mövqeyinin ciddiliyini nümayiş etdirmək məqsədi daşıya bilər.

İkinci istiqamət isə daha genişmiqyaslı hərbi əməliyyat ssenarisidir. Çünki İran rejiminin ABŞ-nin bütün tələblərini sona qədər qəbul edəcəyi və danışıqlarda tam razılaşmaya gedəcəyi ehtimalı hazırda zəif görünür. Əgər proses uzanarsa və İran tərəfi razılaşmadan imtina edərsə, ABŞ-nin daha genişmiqyaslı hərbi müdaxiləyə əl atması mümkündür. Belə bir müdaxilə isə diplomatik həll yollarının tam tükəndiyi mərhələdə baş verərsə, münaqişənin daha geniş trayektoriya üzrə yayılmasına səbəb ola bilər. Çünki İran rejimi daxilində ona bağlı qruplar aktivləşə, eyni zamanda Tehran regionda ABŞ-nin və onun müttəfiqlərinin strateji maraqlarına aid hədəflərə zərbə endirə bilər. O cümlədən, İrana bağlı silahlı qruplaşmaların hərəkətə keçməsi münaqişəni regional qarşıdurma səviyyəsinə daşıya bilər.

 -Ağ Evin “diplomatiyadan başqa variantlar da var” açıqlaması konkret olaraq hansı ssenariləri ehtiva edə bilər?

-Ağ evin “Diplomatiyadan başqa yollar da var” açıqlaması danışıqlar ömcəsi İrana təzyiq məqsədo daşıyır. Burada söhbət hərbi müdaxilədən gedir. Lakin sözügddən müdaxilə müxtəlif formalarda ola bilər. Hətta sir deyil ki, ABŞ İranın siyasi və hərbi rəhbərliyini hədəf alır. Yəni bir növ qərarverici nöqtələri sıradan çıxarır. Hətta İran daxilindəki hansısa qrupla razılaşma da ola bilər.

Trampın bu açıqlamasını müxtəlif formalarda oxuya bilərik. İlk öncə Amerika bununla İrana müdaxilə etməməsinin səbəbini göstərir. Xatırlayırsızsa, mitinqlər zamanı da Tramp “kömək yoldadır” demişdi. Lakin heç bir dəstək gəlmədi. Bu isə onun ciddiliyi ilə bağlı şübhələr yaratdı. Yəni Tramp bu fikiri ilə İranın onlarla razılaşmaq istədiyini nümayiş etdirir. Digər tərəfdən də Amerikanın niyə müdaxilə etmədiyini izah edir.

-“Xamenei çox narahat olmalıdır” açıqlaması İranın ali siyasi rəhbərliyinə yönəlmiş birbaşa mesaj kimi qiymətləndirilə bilərmi?

-Xamenei ilə bağlı verilən mesaj birbaşa hərbi-siyasi rəhbərliyə ünvanlanıb. Əsas mesaj ondan ibarətdir ki, razılaşma olmasa ABŞ müdaxilə edəcək. “Xamenei narahat olmalıdır” sözlərini isə iki cür oxuya bilərik. Birinci söhbət İrana hərbi müdaxilədən gedir. Digər mesaj isə Xameneinin özünün hədəfdə olmasıdır.

-Danışıqların uğursuz olması halında region üçün ən real risk ssenarisi hansıdır?

- Təbii ki, danışıqlar uğursuz olacağı təqdirdə, İran rejimində daha genişmiqyaslı qarşıdurmaların meydana gəlməsi ehtimalı yüksəkdir. Görünür, İran rejimi geri çəkilmək niyyətində deyil və bu, onlar üçün son seçim kimi qiymətləndirilir. Yəni, İran maksimum dərəcədə dirəniş göstərməyə çalışacaq. Hətta ölkə daxilində vətəndaş qarşıdurmalarının baş verməsi belə nəzərə alınmalıdır. SEPAH və Bəsic qüvvələri əlindəki silahlarla əvvəllər etirazlara müdaxilə edib və hələ də həmin silahları saxlayırlar. Bu, ABŞ-nin kənardan müdaxiləsi baş verdiyi halda, daxildə etirazların yenidən başlaması ehtimalını artırır. Belə bir vəziyyətdə etirazlar daha geniş münaqişəyə çevrilə və vətəndaş qarşıdurmalarına yol aça bilər. Bu isə gedişatı proqnozlaşdırmaqda çətinlik yaradan, genişmiqyaslı və qeyri-müəyyən qarşıdurma riskini meydana gətirir.