ABŞ və İran arasında gərginlik artmaqda davam edir. Hər iki tərəf güc nümayişi və strateji mövqelərini önə çıxarır. ABŞ Oman dənizinə güclü donanma göndərir, İran isə raket və pilotsuz uçuş texnologiyaları ilə hərbi potensialını gücləndirir. Hər iki ölkə müharibədən çəkinməsinə baxmayaraq, psixoloji və strateji təsir göstərməyi prioritet sayır. Hörmüz Boğazı kimi strateji nöqtələr gərginliyi artıran amillərdən biridir. Eyni zamanda vasitəçi ölkələr vasitəsilə sülh və gərginliyin idarə olunması istiqamətində də cəhdlər davam edir.
Beynəlxalq siyasət üzrə ekspert İsmail Cingöz ABŞ-İran münasibətləri haqqında Sherg.az-ın suallarını cavablayıb:
-ABŞ-nin son dövrlər İranla bağlı siyasətini necə qiymətləndirirsiniz?
-Amerika Birləşmiş Ştatları şüurlu şəkildə İranla gərginliyi hər keçən gün daha da kəskinləşdirir. Vaşinqton müharibə olacaqmış kimi təəssürat yaradır. O bununla əlaqədar olaraq əsgər sayını da artırır. Oman dənizində Amerika donanmasının sayını artırarkən, bir tərəfdən də İrandan amerikalı vətəndaşların ayrılmasını tələb edərək Tehrana qətiyyətini göstərir. ABŞ İranı inandırmaq üçün “mən qətiyyətliyəm” imicini yaratmağa çalışır.
Amma bir məsələ var ki, nə Amerika Birləşmiş Ştatları nə də ki, İran müharibə etmək istəmir. Lakin hər ikisi də “müharibəyə hazırıq” görüntüsü verərək gərginlik savaşı və psixoloji müharibə aparmağa çalışır. Amerika Birləşmiş Ştatları İranın imkan və qabiliyyətlərini tam olaraq anlamır.
-İran hərbi gücünü necə artırır?
-İran həm Rusiyadan, həm Çindən, həm də bir qism imkanlarını Şimali Koreyadan aldığı hərbi avadanlıqlarla gücünü artırmağa çalışır. Xüsusilə pilotsuz uçuş aparatları və raket sistemləri, konvensional silah sistemləri və ballistik raketlərinin sayını artırır. Bununla Rusiya, Çin və Şimali Koreyadan aldığı dəstəklərlə gücünə güc qatır. Həm Rusiyadan, həm Çindən hərbi texniki personal və texnologiya transferi alaraq öz raket sistemlərini və konvensional silahlarını artırır.
Hətta Rusiyanın göndərdiyi ehtiyat hissələrdən istifadə edərək bəzi konvensional silah və raketləri özündən aşağı səviyyədə olanlara satır. O, Moskvaya Rusiya-Ukrayna müharibəsinə görə bir şəkildə dəstək verir. Onun Rusiyanın göndərdiyi avadanlıqlardan istehsal etdiyi konvensional silahları və ballistik raketləri Rusiyaya göndərməsi Moskvaya dəstəkdir. Bu həm də İranın “mənim silahım o qədər çoxdur ki, Rusiyaya da ballistik raket sata bilirəm” görüntüsünü yaradır. Bu isə ABŞ-ni narahat edir".
-ABŞ-nin daxili siyasi gündəmi bu proseslərə necə təsir edir?
-ABŞ İranı anlaya bilmir. Vaşinqton 3 noyabr 2026-cı il tarixində keçiriləcək ara seçkilərə də fokuslanmış vəziyyətdədir. ABŞ Prezidenti Donald Tramp daxili və beynəlxalq ictimaiyyətdə hər keçən gün prestijini itirir. Amerika 39 trilyon dollara yaxınlaşmış xarici borcunu ödəyə bilməyəcək vəziyyətə gəlib. O özünün Monro doktriniasını yaradacağını deyərkən, əsas məqsədinin Asiya-Sakit Okean bölgəsində Çini sıxışdırmaq olduğunu açıqlayır və yeni təhlükəsizlik doktrinaları formalaşdırır. Vaşqinton Orta Şərqdən çıxacağını bildirir. Amma Qrelandiya, Arktik bölgə və Venesuela ilə gərginliklər yaşayır. Bu qədər geniş miqyaslı gərginliyi Amerika və Prezident Tramp idarə etməkdə çətinlik çəkir.
-ABŞ-nin Oman dənizinə güclü donanma göndərməsi hansı nəticələrə yol aça bilər?
-ABŞ son dövrlərin ən möhtəşəm dəniz donanmasını İranın cənubuna, Oman dənizinə göndərib. O buradan əli boş qayıtmaq istəmir. Çünki bu, məğlubiyyət kimi qəbul ediləcək. ABŞ ilə İran gizli razılaşma çərçivəsində qarşılıqlı raket atışları həyata keçirəcək. Vaşinqton və Tehran bir-birlərinə bir neçə raket atmaqla hər iki tərəfin qazandığı görüntüsü yaradacaq. Belə bir razılaşma planlaşdırılır.
-Bu güc savaşında hansı ölkə qalib gələ bilər?
-Amerika Birləşmiş Ştatları İranı hücum edərsə, İranın əlində güclü imkanlar var. Amerika hərbi baxımdan güclüdür. Lakin İranın hərbi gücü tam olaraq müəyyən deyil. O, Fars Körfəzi və beynəlxalq neft və təbii qaz bazarlarının kilid nöqtəsi olan Hörmüz Boğazına nəzarət edir. Qlobal miqyasda İranın da əlində güclü imkanlar var. Hərbi baxımdan Amerika güclü, qlobal miqyasda isə İran güclüdür.
-Hörmüz Boğazının bağlı qalması hansı nəticələri doğuracaq?
-Uzun müddətdə Hörmüz Boğazı bağlı qalsa, İran da zərər görəcək.
Körfəz ölkələri və onlardan tədarükçü olan dövlətlər, başda Çin olmaqla, qlobal miqyasda neft və təbii qaz böhranı ilə üzləşəcəklər. Bu böhran, bölgədən uzaqda olan və embarqo altında qalan Rusiyanın işinə yarayacaq. Moskva qazanc əldə edəcək.
-Tərəflər hansı yolu seçə bilər?
-Üstünlükləri və çatışmazlıqları qiymətləndirildikdə, həm Amerika, həm də İran müharibə etmək istəmir. Gizli müqavilə ilə hər şey həll olunmağa çalışılır.
Hər iki tərəf, bir neçə raket atışı ilə öz gücünü nümayiş etdirə bilərlər. Amma eyni zamanda qlobal böhran yaratmamaq üçün ehtiyatlı davranacaqlar.
Vasitəçi ölkələrlə birlikdə hər iki tərəfin qəbul edəcəyi bir sülh masası qurulacaq. Vasitəçilər israrlı tələblərini ortaya qoyaraq, gərginliyi azaltmağa və qlobal böhran yaranmadan sülh əldə etməyə çalışacaqlar.
Hazırda müharibə təhdidləri olsa da, sülh yolları da axtarılır.