Yaxın Şərqdə tarazlığın yenidən qurulmağa çalışıldığı vaxtda Tehrandan sızdırılan tarixi məlumat dünyanın gündəminə bomba kimi düşüb. Londonda fəaliyyət göstərən “Iran International”ın özəl xəbərinə görə, İran Prezidenti Masoud Pezeşkian ölkənin idarəetmə mexanizminin tamamilə İnqilab Keşikçiləri Korpusunun (SEPAH) əlinə keçdiyini bildirərək, Ali rəhbər Müctəba Xameneiyə rəsmi istefa məktubunu təqdim edib.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin “Haber7” portalı yazıb.
Mənbə bildirib ki, İran siyasətinin zirvəsində baş verən sarsıdıcı hadisə ölkədə mülki idarəetmə ilə hərbi sistem arasındakı dərin çatları çılpaqlığı ilə üzə çıxarıb:
“Sızdırılan məlumata görə, Pezeşkian dini liderin ofisinə göndərdiyi rəsmi məktubda olduqca sərt və tənqidi ifadələr işlədib. O, ölkənin idarəetmə sisteminin faktiki olaraq rəsmi və qanuni mexanizmlərdən kənara çıxdığını vurğulayıb. Pezeşkian dövlətin ən mühüm qərarvermə mexanizmlərinin və əsas qurumlarının İnqilab Keşikçiləri Korpusunun tam nəzarəti altına keçdiyini bəyan edərək, mülki hökumətin tamamilə iflic edildiyini yazıb.
İstefa böhranının arxasında ABŞ və İsraillə yaşanan hərbi gərginlik və müharibənin idarə olunması məsələsi dayanır. İsrailin “The Jerusalem Post” nəşrinin məlumatına görə, Prezident Pezeşkianla SEPAH komandirləri arasındakı ən böyük fikir ayrılığı müharibənin idarə olunması və bu prosesin xalqın yaşayışına, eləcə də ölkə iqtisadiyyatına vurduğu dağıdıcı təsirlərlə bağlıdır. Pezeşkian məktubunda mövcud şəraitdə hökuməti idarə etməsinin və konstitusion öhdəliklərini yerinə yetirməsinin mümkünsüz olduğunu deyərək, dərhal vəzifədən ayrılmaq istədiyini qeyd edib. İddiaya görə, diplomatik danışıqlar aparmaq və nazirliklər səviyyəsində struktur dəyişiklikləri həyata keçirmək səlahiyyətləri tamamilə hərbi bürokratiya tərəfindən mülki kabinetin əlindən alınıb.
İstefa xəbərlərinə Tehrandan təkzib açıqlamaları gecikməyib. Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsi rəhbərinin müavini Mehdi Təbətəbai və hökumətin sözçüsü Fatimə Mohajerani Prezident Pezeşkianın istefası iddialarını “əsassız” adlandırıb. SEPAH-a bağlı “Tasnim” xəbər agentliyi isə xəbəri “MOSSAD-ın İrana qarşı psixoloji müharibə əməliyyatının tərkib hissəsi” kimi şərh edib”.
“Haber7”nin fikrincə, Tehrandakı böyük siyasi çaxnaşmanın ABŞ və İran arasında aparılan kövrək atəşkəs danışıqlarının ən kritik mərhələsində baş verməsi diqqət çəkir:
“Həmçinin yaşanan proses İran hakimiyyəti daxilindəki mübarizənin nə qədər kritik həddə çatdığını açıq şəkildə göstərir.