Makron baş verən iğtişaşları qəbuledilməz adlandırıb

Fransa Prezidenti Emmanuel Makron Paris Sen-Jermenin (PSJ) UEFA Çempionlar Liqasının qalibi olmasından sonra Parisdə və ölkənin digər şəhərlərində baş verən iğtişaşları qəbuledilməz adlandırıb.

Sherg.az xəbər verir ki, Yelisey sarayında PSJ futbolçularını qəbul edən Makron bildirib ki, bayram tədbirləri zamanı Parisdə və digər şəhərlərdə zorakılıq səhnələri müşahidə olunub və buna adiləşmək olmaz.

Fransa lideri hadisələrin qarşısının alınmasında iştirak edən təhlükəsizlik qüvvələrinə təşəkkür edərək, saxlanılan şəxslərə qarşı güzəştsiz tədbirlər görüləcəyini vurğulayıb.

Məlumata görə, Parisdə azarkeşlərlə polis arasında toqquşmalar yaşanıb, hüquq-mühafizə orqanları bəzi hallarda bibər qazından istifadə edib. Ölkə üzrə ümumilikdə 71 şəhərdə iğtişaşlar qeydə alınıb, təxminən 15 şəhərdə mağazalar talan edilib.

Fransanın daxili işlər orqanlarının məlumatına əsasən, baş verən hadisələrlə əlaqədar ölkə üzrə 457 nəfər saxlanılıb.