İran Prezidenti Məsud Pezeşkian ABŞ və İsraillə yaşanan müharibədən sonra ölkədəki iqtisadi problemlərin əvvəlki dövrlə müqayisədə daha da ağırlaşdığını bildirib. O, yüksək qiymətlərin artan xərclərdən və neft satışlarının azalması səbəbindən dövlət gəlirlərinin aşağı düşməsindən qaynaqlandığını söyləyib.
Sherg.az xəbər verir ki, İran mətbuatının yaydığı xəbərlərə görə, Pezeşkian iştirak etdiyi toplantıda ölkənin iqtisadi vəziyyətini qiymətləndirib.
ABŞ-ın dəniz blokadasından danışmayan Pezeşkian bildirib ki, əvvəllər idxal olunan məhsullar daha birbaşa yollarla ölkəyə gətirilirdi. Hazırda isə həmin məhsullar müxtəlif marşrutlardan keçirilməklə İrana çatdırılır. Pezeşkian bunun məhsulların son qiymətini artırdığını qeyd edib.
Dövlət gəlirlərinin azalmasına da diqqət çəkən Pezeşkian, “Bizim gəlirimiz də azalıb. Əvvəllər neft satırdıq, indi sata bilmirik”, - deyə bildirib.
Pezeşkian ölkədəki sənaye müəssisələrinin zərər görməsinin iqtisadi vəziyyəti daha da ağırlaşdırdığını vurğulayaraq, “Bir çox zavodu bombaladılar və dağıtdılar”, -deyib.
Sənaye müəssisələrinə dəyən zərərin vergi gəlirlərinə də mənfi təsir etdiyini bildirən Pezeşkian, “Zavodlardan vergi də toplaya bilmirik. Təkcə bu deyil, üstəlik onların ayaqda qala bilməsi üçün özümüz də onlara pul verməliyik”, - ifadələrini işlədib.
Pezeşkian ölkədə yaşanan iqtisadi çətinliklərin miqyasını isə belə ifadə edib: “Problemlərimiz qat-qat artıb, gəlirlərimiz isə azalıb.”