Parlamentdə əksər deputatlar passivdir, xalqı tanımır - Tural Abbaslı

"Cəmiyyətdə belə bir rəy var ki, deputatlar imtiyazlıdır, yüksək maaş alırlar və geniş imkanlara malikdirlər..."

Azərbaycanda qanunverici orqanın fəaliyyəti və deputatların seçilmə mexanizmi ictimai-siyasi müzakirələrin mövzusuna çevrilib. Parlamentin formalaşma prinsipləri, deputatların seçicilərlə əlaqəsi, onların siyasi proseslərdə fəallığı və təsir imkanları müxtəlif baxış bucaqlarından qiymətləndirilir. Bu müzakirələrdə seçki sisteminin xüsusiyyətləri, namizədlərin müəyyənləşdirilməsi qaydaları və parlament institutunun ümumi rolu xüsusi yer tutur. 

Ağ partiyanın sədri Tural Abbaslı Sherg.az-a deputat seçimlərində boşluqların olduğunu deyib:

"Deputatların seçilməsi, namizədliklərinin müəyyən olunması prosesində iqtidarın bir çox məsələlərdə boşluqları var. Əksər hallarda namizədləri iqtidar irəli sürüldüyü üçün onların böyük əksəriyyəti parlamentdə təmsil olunur. Lakin bir çox hallarda həmin şəxslər xalqı tanımır, xalqla ünsiyyət qura bilmir, əlaqə yarada bilmirlər. Ümumiyyətlə, özlərini hakim partiyanın siyasi kursunu müdafiə edən bir mərkəz kimi görmürlər. Əsas məqsədləri nəinki siyasi kursu müdafiə etmək, daha çox özlərini və oturduqları kürsünü qorumaq olur.

Parlamentdə təmsil olunan neçə iqtidar nümayəndəsini-deputatı tanıyırsınız ki, efirlərə çıxır, debatlarda iştirak edir, iqtidarın bu və ya digər siyasətini müdafiə edir, doğru və ya yanlış addımlarına əsaslandırma gətirir? - bu sual düşündürür. Deputatların böyük əksəriyyəti passiv qalır".

Partiya sədri bildirib ki, namizədlər müəyyən edilərkən danışıq qabiliyyəti olan, Azərbaycan cəmiyyətini tanıyan, siyasətdən anlayışı olan insanlar seçilməlidir: 

"Bunun üçün təklif edirik ki, majoritar seçki sistemi ləğv olunmalı, proporsional seçki sistemi tətbiq edilməlidir. Proporsional sistemdə partiya siyahıları üzrə rəqabət olur, namizədlərin müəyyən olunması üçün partiya daxilində ilkin seçkilər (praymeriz) keçirilir. Belə olan halda partiya işindən və siyasətdən anlayışı olan şəxslərin namizəd olmaq ehtimalı daha yüksək olur.

Eyni zamanda, deputatların imtiyaz məsələsi də müzakirə mövzusudur. Cəmiyyətdə belə bir rəy var ki, deputatlar imtiyazlıdır, yüksək maaş alırlar və geniş imkanlara malikdirlər. Lakin bir çox hallarda, hətta hakim partiyanın deputatlarından belə eşidirik ki, nazirlər onların zənglərinə cavab vermir, sorğularına reaksiya göstərmir, müraciətləri formal şəkildə cavablandırılır. Deputatlar seçicilərlə görüşür, onların problemlərini aidiyyəti qurumlara yönləndirirlər, amma çox zaman real nəticə əldə olunmur. Bu isə göstərir ki, deputatların təsir mexanizmləri kifayət qədər zəifdir. Hətta seçicilərin ən adi problemlərinin həllində belə onların imkanları məhdud qalır".

 T.Abbaslı qeyd edib ki, Azərbaycanda qanunverici orqanla bağlı anlayış və yanaşma dəyişməlidir:

"Parlamentin rolu və funksiyası daha fərqli şəkildə dərk olunmalıdır. Təəssüf ki, hazırkı vəziyyətdə parlament və deputatlar həm xalqın, həm də onları irəli sürən siyasi qüvvənin gözləntilərini tam şəkildə qarşılaya bilmirlər. Mövcud vəziyyət bunu açıq şəkildə göstərir".