Hazırkı mərhələdə ölkədə Avropa İttifaqı (Aİ) ilə Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında seçimə dair referendum keçirilməsi üçün əsas yoxdur.
APA xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bunu “Facebook” səhifəsində paylaşdığı videomüraciətdə deyib.
Baş nazir qeyd edib ki, Ermənistan hələlik Aİİ çərçivəsində fəaliyyətini davam etdirəcək:
“Biz Avrasiya İqtisadi İttifaqı çərçivəsində işləyirik və Avropa İttifaqı ilə Avrasiya İqtisadi İttifaqı arasında seçim qaçılmaz olana qədər işləməyə davam edəcəyik”.
Paşinyan vurğulayıb ki, belə bir seçim zəruri olarsa, yekun qərarı Ermənistan xalqı verməlidir:
“Qərar təbii olaraq Ermənistan Respublikası xalqı tərəfindən referendum yolu ilə qəbul edilməlidir”.
Qeyd edək ki, mayın 29-da Astanada keçirilən Avrasiya İqtisadi İttifaqı Ali Şurasının iclasında Rusiya, Qazaxıstan, Belarus və Qırğızıstan prezidentləri Ermənistanın Aİİ-dəki vəziyyəti ilə bağlı bəyanat qəbul ediblər.
Bəyanatda Ermənistan hakimiyyətinə Avrasiya İqtisadi İttifaqı ilə Avropa İttifaqı arasında seçim məsələsi üzrə mümkün qədər tez referendum keçirmək çağırışı edilib.