Uşaqların Beynəlxalq Müdafiəsi günüdür

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi günüdür.

Teleqraf xəbər verir ki, bu gün Azərbaycanda da qeyd edilir.

1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb.

BMT-də uşaq hüquqlarına dair konvensiya qəbul edilib, Azərbaycan müstəqillik qazandıqdan sonra bu konvensiyaya qoşulub. Bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da uşaq hüquqlarının qorunmasına xüsusi önəm verilir.

“Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu, Milli Fəaliyyət Planları, təhsil və sosial müdafiə proqramları bu sahədə hüquqi və institusional bazanı formalaşdırır.

Eyni zamanda, uşaqların zorakılıqdan və istismardan qorunması, azyaşlıların hüquqi maarifləndirilməsi, xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək göstərilməsi istiqamətində layihələr həyata keçirilir.

Azərbaycanda 1 İyun münasibətilə hər il uşaq festivalları, konsert proqramları, rəsm və idman müsabiqələri, sosial aksiyalar təşkil olunur. Həm paytaxt Bakıda, həm də regionlarda məktəblər, bağçalar və mədəniyyət mərkəzlərində uşaqlar üçün əyləncəli və maarifləndirici tədbirlər keçirilir.