Vuçiç serblərin Trampı niyə sevdiyini açıqlayıb

Serbiya Prezidenti Aleksandar Vuçiç ölkə vətəndaşlarının ABŞ Prezidenti Donald Trampa rəğbət bəsləməsinin səbəblərini izah edib.

Teleqraf xəbər verir ki, Vuçiç ABŞ-nin "Breitbart" nəşrinə müsahibəsində bildirib ki, serblər Trampın bir sıra məsələlərə münasibətdə cəsarətli və açıq mövqe nümayiş etdirməsini yüksək qiymətləndirirlər.

"Onlar gördülər ki, Prezident Tramp bəzi məsələləri qaldırmaq, problemlər barədə açıq və ictimai şəkildə danışmaq üçün kifayət qədər cəsarət göstərib. O, bunu ənənəvi mühafizəkar baxış bucağından edib və Brüssel və Vaşinqtonda ondan əvvəlki siyasətçilərdən fərqli mövqe sərgiləyib", - deyə Serbiya lideri vurğulayıb.

Vuçiçin sözlərinə görə, serblərin Trampa rəğbət göstərməsinin digər səbəbi onun Rusiya ilə Ukrayna arasında sülhün bərqərar olunmasına yönəlmiş səyləridir.

Serbiya Prezidenti qeyd edib ki, Ağ Ev rəhbərinin münaqişənin diplomatik yolla həllinə və sülhün əldə olunmasına çağırışları ölkə əhalisi tərəfindən müsbət qarşılanır.