Yunanıstan mətbuatı Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan Məkkə Birgə Müdafiə Sazişini geniş müzakirə edir. “To Vima” və “Kathimerini” nəşrləri üçtərəfli əməkdaşlığın Türkiyə üçün ciddi strateji üstünlüklər yaratdığını yazıb.
Sherg.az xəbər verir ki, yunan mediasına görə, Türkiyənin müdafiə sənayesinin inkişafı, Səudiyyə Ərəbistanının enerji və iqtisadi gücü, Pakistanın isə nüvə silahına malik olması ittifaqı regional baxımdan əhəmiyyətli edir. Sazişin Türkiyənin Yaxın Şərqdəki mövqeyini və regional güc statusunu daha da gücləndirə biləcəyi vurğulanıb.
Afinanın əsas narahatlıqları isə Türkiyənin mövqeyinin güclənməsi və Misirin də sazişə qoşulma ehtimalıdır. “Kathimerini” həmçinin Türkiyə ilə Səudiyyə Ərəbistanının müdafiə sənayesində birgə istehsala başlaya biləcəyini qeyd edib.
Nəşr sazişin Yunanıstan üçün mümkün mənfi nəticələri sırasında Hindistan–Yaxın Şərq–Avropa İqtisadi Dəhlizi (IMEC) ilə bağlı planların dəyişdirilməsi ehtimalını da göstərib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman və Pakistanın Baş naziri Şahbaz Şərif avqustun 7-də Məkkədə Birgə Müdafiə Sazişi imzalayıblar. Sazişə əsasən, üç ölkədən birinə qarşı silahlı hücum digər tərəflərə qarşı hücum kimi qiymətləndiriləcək.