Lənkəranski ilə "Lotu Quli"nin qətli: cəmi 1 gün fərq ilə... 

Kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınmış Nadir Səlifov Türkiyədə qətlə yetirilib.

Lent.az -ın məlumatına görə, "Lotu Quli" Antalyada şam etdiyi şəxs tərəfindən öldürülüb.

Bəzi məlumatlara görə, N.Səlifovu güllə ilə başından vuran şəxs Xan ləqəbli yaxın adamı olub.

Xan Qulinin ətrafında xeyli müddətdir ki, olub və ona yaxınlığı ilə seçilib.

Quli xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
N. Səlofovu güllələyən Xanın isə hadisə yerindən yaralı qaçdığı, lakin Antalya-Dənizli şosesində saxlanıldığı bildirilir.

Maraqlı məqam isə 2016-cı ildə elə Türkiyədə qətlə yetirilmiş digər kriminal avtoritet Rövşən Lənkəranski ilə “Lotu Quli”nin ölüm günündəki oxşarlıqdır. R.Lənkəranski 2016-il avqustun 18-də gecə qətlə yetirilib.
“Lotu Quli” isə bir gün fərq ilə 2020-ci il avqustun 19-da gecə saatlarında öldürülüb.

Qeyd edək ki, 1972-ci il təvəllüdlü Nadir Səlifov Gürcüstanda doğulub. O, 2005-2017-ci illərdə Azərbaycanda həbsdə olub. Həbsdən azad olunduqdan sonra Türkiyəyə gedib. 2018-ci ildə Türkiyədən deportasiya edilsə də, sonradan qaçaq yollarla yenidən Türkiyəyə qayıdıb.