Fəhlə, sən də özünü bir insanmı sanırsan? – Tikintidə ölüm halları 

“Bu gün tikinti şirkətlərinin çoxu təhlükəsizlik qaydalarına riayət etmir”


Hər il Azərbaycanda tikinti sektorunda qəza halları müşahidə edilir. Kimisi işçiləri qaydalara riayət etməməkdə, kimisi tikinti şirkətlərini bu məsələyə biganə yanaşmaqda günahlandırır. Məsələn, Fevralın 1-də saat 21 radələrində “Kolin” inşaat şirkəti tərəfindən tikintidə qəza baş verib. Verilən məlumata görə Bakı-Yalama dəmir yolunun Şabran rayonu ərazisindən keçən hissəsində fəhlələr təmir-tikinti işləri apararkən xəsarət alıblar. Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Ə.Ağayevə onurğanın boyun şöbəsi fəqərələrinin sınığı, F.Ağarzayevə isə onurğanın bel şöbəsinin əziyi diaqnozu qoyulub. Ə.Ağayevin vəziyyəti ağır olduğundan müalicə və müayinə üçün Bakı şəhərinə göndərilib.
Təəssüf , tikintidə belə qəzaların sayı hər ötən gün artır. 



Mövzu ilə bağlı fikirlərini "Sherg.az"la bölüşən Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev bildirib ki,tikinti şirkətləri layihələrin həyata keçirilməsi zamanı mütləq şəkildə tibbi, yanğın, ekoloji təhlükəsizlik qaydalarına ciddi surətdə əməl etməlidir:

“Tikinti başlanan ilk gündən bitənə qədər bütün təhlükəsizlik standartlarına cavab verməlidir. Qurğular, kranlar, qaldırıcı mexanizmlər və digər tikinti materiallarının hamısı təhlükəsizlik normalarına uyğun olmalıdır. Tikintiyə daxil olan şəxslər təhlükəsizliklə bağlı təlimatlandırıldıqdan sonra fəaliyyətə başlamalıdır.

Təbii ki, tikinti gedən əraziyə kənar şəxslər daxil ola bilməz. Bu proses dövründə işçilərə hər gün, mexanizm dəyişikliyi olarsa, ayda bir dəfə növbədən kənar təlimatlandırma olmalıdır.

Hər hansı qəza hadisəsi baş veribsə, növbəti gün mütləq işçilərə təhlükəsizliklə bağlı məlumat verilməlidir. Mexanizmlər insan həyatı üçün təhlükə potensialı riski daşıyır".

Ekspertin sözlərinə görə təəssüf ki, bu gün tikinti şirkətlərinin çoxu təhlükəsizlik qaydalarına riayət etmir, biganəlik var:

"Ağır tonlu maşınların arxasından keçmək olmaz. Hündür mərtəbədə işləyirlərsə, kəmərdən istifadə etməlidirlər. Əgər qaldırıcı mexanizmlər yükü qaldırırsa, altından işçilərin keçməsi düzgün deyil.

Bu nə dərəcə doğrudur?! Yay aylarında havanın temperaturu 38-40 dərəcə olanda işçiləri çalışdırırlar, günün qaranlıq saatlarında tikinti dayanmalıdır. Bütün bunlar işçilərin rahat və təhlükəsiz işləməsini təmin edir. Ölkədə baş verən qəzaların çox hissəsi tikinti sektorunun payına düşür.

Çünki məsuliyyətsizlik, laqeydlik var. Bu bütün tikinti şirkətlərinə aid deyil. Təhlükəsizlik qaydalarına mütləq əməl edilməlidir".