Son zamanlarda Azərbaycanda bir gündə 2-3 intihar hadisəsinin baş verməsi ilə bağlı xəbərlərlə tez-tez qarşılaşırıq. Bir çox intihar halları insan həyatının gərginliyi, maddi problemlər və ya xəstəliklərə dözməyən zaman baş verir. İnsanlar həyata köklənə bilməyəndə çıxış yolunu intiharda görürlər. Tanıdığımız şəxslərin özünə qəsd etdiyini düşünəndə üzülürük. Gündəmdən düşməyən intihar hadisələri cəmiyyətdə ciddi narahatlıqla qarşılanır. Bu gün də iki intihar hadisəsi baş verib. Goranboy rayonun Qızılhacılı kənd sakini 2003-cü il təvəllüdlü T.Yusifov özünü ağacdan asıb. Digər hadisə isə Bakı şəhərində baş verib. Şəhər sakini 33 yaşlı G.Əzizov Binəqədi rayonu, Dərnəgül qəsəbəsində yerləşən yataqxananın hamam otağında asaraq özünəqəsd edib.
Qeyd edək ki, ötən il statistikasına nəzər salsaq 2020-ci ildə respublika ərazisində 597 intihar faktı qeydə alınıb. Bu, 2019-cu illə müqayisədə 32 nəfər çoxdur.
Özünəqəsd hadisələrinin səbəbləri ilə bağlı "Sherg.az"a danışan psixoloq Fərqanə Mehmanqızı bildirib ki, karantin bitənə qədər ailədaxili cinayətlər, intiharlar və toplum olaraq aqressiyamız artacaq:
"Cəmiyyət olaraq emosionalıq. Məsələnin kökündə bir çox məqamlar dayanır. 1990-cı illər dönəminin insanlarda yaratdığı psixoloji gərginlik, onların övladlarının travmaları daha ağır oldu. Karantin, panik- atak, somatik və aqressiv depressiya daxili aqressiyanın üzə çıxmasında tətikləyici rol oynadı, cəmiyyət olaraq çox aqressivləşdik. Özgüvənsizlik, xəstəliklərdən qorxu zatən psixoloji travmalı və həssas olan insanları bir az daha həssaslaşdırdı. Nəinki Azərbaycanda, hər bir toplumda bu hal müşahidə edilir. Cəmiyyətdə özünü təsdiq edə bilməmək psixoloji ruh halı intihara gətirib çıxardır".
F.Mehmanqızı vurğulayıb ki, empati qabiliyyətimiz aşağı düşüb, bir-birimizi duya və nə demək istədiymizi başa düşməyə belə çalışmırıq, cəmiyyət olaraq maariflənməliyik:
"Statiskaya baxsaq görərik ki, həm qadın, həm kişi, həm də sosial vəziyyəti normal olan insanlar var. Deməli, bu problemlərin kökündə körpəlik dayanır. Övlad dünyaya gətirərkən özümüzə sual verməliyik ki, cəmiyyətə sağlam şəxsiyyət verə bilərəmmi? Yoxsa cəmiyyət üçün “qara yara” yetişdirirəm? Bütün yaş qruplarının psixologiyasında gərginlik çoxdur.
Bir daha qeyd etmək istəyirəm ki, insanlar qarşı tərəfi dinləmirlər. Əminəm ki, bu yazını oxuduqları kimi qavrayan olacaq, lakin hər kəs eyni dərəcədə dərk etməyəcək. Çünki insan ilk növbədə özünü korreksiya etməkdə çətinlik çəkir. Özümüzə kənardan baxa bilmirik, bu da bizə "mənəvi aclıq" gətirir. “Mənəvi aclıq” gec-tez intiharla bitəcək. Çünki insan mənəvi cəhətdən tox olanda maddiyyat, ətraf və s. ona hər şey boş görünür".
Psixoloq sonda diqqətə çatdırıb ki, intihar edən şəxs barədə cinayət işi açılır və səbəb yazılır. Əsl səbəb psixologiya ilə bağlıdır:
"Hər bir intihar hadisəsinin arxasında onun ətrafındakı insanlar dayanır. Yəni uşaqlıqdan doğru olmayan yanaşmadan formalaşan şəxsiyyətin intiharında hər kəsin “əli” olur".