Hər saniyədə qəzalar baş verir

Sükan arxasında mobil telefondan istifadə bütün dünyanın dərdidir

"Təhlükələri minimuma endirmək üçün sükan arxasında, istər məsafədən, istərsə də əldə tutmaqla telefondan istifadə edilməməsi məsləhətdir"

“Bakılı oğlanlar” KVN komandasının məşhur səhnəciyi vardı; Cabir İmanov taksi sürücüsü obrazında. “Sürücü”  şəhərin hər küçəsinə, hər tininə bələd köhnə “taksişnik” idi. Belələri indi çox azdır. Həm də şəhəri tanımağa, deyirlər, ehtiyac da yoxdur. Çünki naviqator kimi müasir üsüllar var. Hərçənd, naviqator da bir çox hallarda yolu göstərə bilmir. Ünvanlar bəzən sistemə daxil edilmir, sürücü də ünvanı axtara-axtara qalır. 

Mövzumuz naviqatorların pis və ya yaxşı işləməsi deyil. Məsələ, naviqatora qoşulmuş sürücünün bir gözünün yolda, bir gözünün telefonda olması və belə vəziyyətdə qəza ehtimalının da artmasıdır. Təkcə, naviqatordurmu sürücülərin diqqətini yayındıran? Əlbəttə, yox. Sərnişin nəqliyyatında avtobus sürücülərinin sükan arxasında mobil telefonla danışması da adi haldır, şəxsi avtomobil sahiblərinin də. Bu da var ki, sürücülər guya ki, “haqqın yolunu” tapıb telefonu maşının “şiti”nə  bərkidir, bununla da cərimələrdən yayınmağa çalışırlar. Amma qəzalardan da yayına bilirlərmi? Söyləmək çətindir. Yol-nəqliyyat qəzalarının baş verməsində sürücülərin sükan arxasında mobil telefonla danışmağının çəkisi böyükdür.    
 
Yeri gəlmişkən, Böyük Britaniyanın Nəqliyyat Departamenti sükan arxasında mobil telefonlardan istifadəyə görə sürücülər barəsində daha sərt tədbirlərin görüləcəyini açıqlayıb. Britaniyada sükan arxasında mesaj yazmaq və ya telefonla zəng etmək artıq qanun pozuntusu kimi qiymətləndirilsə də, 2022-ci ildən qüvvəyə minəcək qaydalara görə, sürücülərə sükan arxasında foto və ya video çəkmək, pleylistləri vərəqləmək və ya oyun oynamaq üçün mobil telefonlardan istifadə etmək qadağan ediləcək. Göstərilən tələblər hətta avtomobil işıqforda və ya tıxacda dayanarkən qüvvədə qalacaq. Qanunu pozanlar 200 funt sterlinq məbləğində cərimələnəcək. Daha sərt qaydalar ictimai məsləhətləşmələrin nəticəsində qəbul olunub. Belə ki, respondentlərin 81 faizi qaydaların sərtləşdirilməsini dəstəkləyib.

Nəqliyyat problemləri üzrə ekspert Əziz Talıbov “Şərq”ə açıqlamasında bildirdi ki, sükan arxasında mobil telefondan istifadənin qadağan olunması Azərbaycan İnzibati Xətalar Məcəlləsində, həmçinin “Yol Hərəkəti haqqında” qanunda da əksini tapıb:

- Avtomobil hərəkətdə olarkən telefondan istifadəyə görə, 50 manat cərimə nəzərdə tutulur. Hərəkət zamanı mobil telefondan istifadə qadağandır. Şübhəsiz ki, belə bir cəza yol-nəqliyyat qəzalarının qarşısının alınması məqsədi daşıyır. Çünki hərəkət zamanı mobil telefondan istifadə sürücünün diqqətini yayındırır. Amma burada diqqət edilməli məqam da var. Mobil telefondan istifadə tamamilə qadağan deyil. Qanunvericilikdə qeyd olunur ki, sürücü hər iki əli sükanda olmaq şərtilə telefondan istifadə edə bilər. Sürücülər mobil telefonu avtomobilin müəyyən hissəsinə bərkidir, məsafəli, kənardan gələn səsə cavab verir, danışır. Yəni telefonu məhz əldə tutaraq istifadə etmək qadağandır. Telefon əldə deyilsə, icazə var. 

Ə.Talıbov qeyd etdi ki, sürücülər də müxtəlifdir. Eləsi var, diqqətsizdir, kənar müdaxilə, nəinki telefon, salonda əyləşmiş sərnişin də  onun fikrini yayında bilir, hərəkət zamanı qəzalardan yayınmaq üçün manevr etmək qabiliyyəti zəifdir. 

Amma elə sürücü də var ki, situasiyadan çıxmağı bacarır, ətrafda baş verənlər, kimləsə telefon vasitəsilə danışması onun diqqətini yayındırmır. Sürücü özünə bələd olmalı və əgər diqqəti yayınan biridirsə, sükan arxasında yalnız hərəkət və idarəetmə barədə düşünməli, diqqətini buna yönəltməlidir. Bununla belə, Ə.Talıbov bildirdi ki, mobil telefondan istifadənin qəzalara səbəb olduğu elmi cəhətdən də təsdiqini tapıb.  

Odur ki, təhlükələri minimuma endirmək üçün sükan arxasında, istər məsafədən, istərsə də əldə tutmaqla telefondan istifadə edilməməsi məsləhətdir. Vacib məsələdirsə, avtomobili mütləq kənara çəkib, sonra arxayın şəkildə danışmaq lazımdır.