Yer yerindən oynadı

Tələbə filmi ölkəsinə gətirib yaydığına görə güllələnəcək

Bu dəhşətli xəbər Şimali Koreyadandır. Lisey tələbəsi Çindən qayıdarkən özüylə Cənubi Koreya istehsalı “Squid Game” dizisinin diskini gətirib və tələbə yoldaşları ilə birlikdə izləyiblər. “Dörd göz” Ş.Koreya məxfi xidmət orqanları bundan xəbər tutub. Dizinin yayılması təbii ki, gözlərindən qaçmayıb. Tələbə həbs edilib, barəsində güllələnmə qərarı çıxarılıb, dizini onunla birlikdə izləmiş tələbələrə isə müxtəlif müddətlərə - 5 ildən ömürlük həbsə qədər azadlıqdan məhrumetmə cəzası kəsilib. 

Tələbənin adıçəkilən dizinin disklərini kopyalayaraq bir çox insana satdığı da məlum olub. Dizi disklərini satın alanlar arasında tələbə yoldaşları da olub. “Şərq” “Milliyet.com”a istinadən bildirir ki, tələbənin edamı məhz həmin dizidəki epizodlardan birində yer alan güllələnmə səhnəsində olduğu kimi icra ediləcək - tələbə güllələnərək öldürüləcək. 

 Dünyanın ən qapalı ölkəsi hesab edilən Şimali Koreyada Cənubi Koreyadan, həmçinin Qərb ölkələrindən hər hansı film, dizi, mahnı, musiqi disklərinin gətirilməsi, yayılması qadağandır. Məxfi xidmət orqanı bir neçə tələbəni həbs etməklə kifayətlənməyib. Bütün ölkə üzrə məktəblərdə, liseylərdə axtarışlar, təhqiqatlar başlayıb, şagirdlər, tələbələr tək-tək yoxlanır. 

Ş.Koreya niyə bu dizini qadağan edib? Maraqlıdır ki, dizidə internetdə tez-tez qarşıya çıxan oyunlara bənzərlik vardır. Dizidə gənclərə böyük məbləğdə pul mükafatı qarşılığında oyuna qatılmaq təklif edilir. Xeyli sayda gənc oyunlara qatılır. 

Lakin məlum olur ki, burada insan həyatı üçün böyük təhlükələr gizlənib. Həmçinin dizidə Cənubi Koreyanın gerçək siması, insanların mənfiliklərlə, problemlərlə dolu günlük həyatları əksini tapıb. 

Daha faciəlisi isə dizinin reallıqda bir gəncin ölümünə, bir neçəsinin həyatının qaralmasına səbəb olmasıdır. Həm də bu dəhşətli hadisə eyni kökdən gələn qardaş, amma bir-birinə düşmən kəsilmiş iki ölkədə – Şimali və Cənubi Koreyada baş verir.