Benzinə qatqıların əlavə edilməsi cinayət əməlidir

Baş Prokurorluğun istintaq hərəkətinə başlaması üçün əsaslar var

Sürücülər indiyədək and-aman edirdi ki, benzinə nəsə qatılır, “su” kimidir, avtomobilin “bak”ını doldurmaqla qurtarmağı bir olur, (təbii qaz da belədir, yeri gəlmişkən, sayğaca yükləməyinlə qurtardığını görürsən  - M.R.) SOCAR deyirdi, “elə şey mümkün deyil. Ola bilməz”.  Nəhayət, SOKAR rəsmisi benzinə qatqılar əlavə edildiyi etirafında bulundu.  Trend-in məlumatına görə, SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov dünən Bakı Neft Emalı Zavodunda təşkil olunmuş mediatur zamanı bunu deyib.

Onun sözlərinə görə, Azərbaycanda benzin və yanacağın keyfiyyəti dövlət orqanları tərəfindən yoxlanılır, yanacaqdoldurma məntəqələrində aparılmış yoxlamalar zamanı daxili standartlarla bir sıra uyğunsuzluqlar aşkar edilib: “Bu pozuntular yanacağın saxlanması ilə bağlıdır. İstisna olunmur ki, yanacağa bəzi qatqılar əlavə edilir. Zavodumuzda istehsal olunan Aİ-92 benzini Azərbaycanda mövcud olan norma və standartlara cavab verir. Bundan başqa, biz NEZ-də istehsal olunan məhsulun beynəlxalq standartlara cavab verməsinə çalışırıq. Bunun üçün zavodun modernləşdirilməsi işləri davam edir". İ.Əhmədov qeyd edib ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda yanacaq istehsalını beynəlxalaq standartlara uyğun optimallaşdırır. Azərbaycanda AVRO-5 standartlı yanacaq istehsalının işə düşməsindən sonra bu yanacaqla işləyən avtomobillərin sayı arta bilər.

AVRO-5-i qoyaq kənara. Ona hələ çatmamışıq. Bəs hazırda kütləvi istehlakda olan benzinə qatılan nədir? SOKAR bunun qarşısını ala bilmirmi?

İqtisadçı Fuad İbrahimov “Şərq”ə açıqlamasında SOKAR rəsmisinin belə bir etirafının Baş Prokurorluğa istintaq hərəkətləri başlamaq üçün əsas verdiyini dedi: -  Benzinə qatqılar əlavə edilməsi cinayət tərkibli işdir. Respublika Baş Prokurorluğu bununla bağlı araşdırma aparmalı, yanacağa qatqılar əlavə edən yanacaqdoldurma məntəqəsi məsulyyətə cəlb olunmalı və bazardan çıxarılmalıdır. Bu, müştərilərin – vətəndaşın aşkar şəkildə aldadılması, pulunun mənimsənilməsi, keyfiyyətli yanacaq üçün ödənilmiş məbləğə keyfiyyətsiz yanacaq satılması deməkdir.

 SOKAR rəsmisi açıqlamasında bildirir ki, daxili standartlarda uyğunsuzluq var, pozuntular yanacağın saxlanması ilə bağlıdır. Saxlanma qaydasının da öz standartları var. Yanacağın saxlanmasında hansı pozuntular ola bilər? Yanacaq çənlərdə toplanır. Deyək ki, Aİ-92 ayrı çəndədir, Aİ-95 başqa çəndə. Çənlərə əlavə nəsə tökürlər ki, həcm artsın, nəticədə keyfiyyət aşağı düşür. Başqa nə ola bilər? Saxlanma qaydasındakı hansı pozuntudur, keyfiyyətə təsir edən, bunu dəqiq açıqlamalıdırlar. Pozuntulara yol verən yanacaqdoldurma məntəqəsinin də adını açıqlamalıdırlar. Vətəndaşlar o yanacaqdoldurma məntəqəsindən avtomobillərinə benzin vurmasın. Ümumiyyətlə, bu məsələdə şəffaflıq olmadığı üçün vətəndaşlara ödədikləri məbləğə  uyğun keyfiyyətli yanacaq satılmır. Keyfiyyəti müəyyən etməyin də üsulları var, dərhal büruzə verir. Belə pozuntular aşkar edilibsə, onu edənlər məsuliyyətə cəlb edilməlidir.