Gəncədə “it qətliamı”!  - “90 səhifəlik layihə hazırlamışam, baxan yoxdur”

Gəncə şəhərində itlər kütləvi şəkildə öldürülüb. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, itlər güllələndikdən sonra çöllük əraziyə aparılaraq, orada basdırılıb. Azərbaycanda  sahibsiz heyvanlar öldürülür. Bu insanlığa sığmayan tədbirlər, xüsusilə itlərə qarşı törədilir. Məsul şəxslər və qurumlar buna susur. Vətəndaşların çoxu bunu adi qarşılayır. Düşünürlər ki, itlər quduz olur, insanlara hücum edir. Lakin onlar yemək və su ilə təmin olunsalar,  sevgi görsələr, insanlar onlara əl qaldırmasa, daş atmasa, özlərini müdafiə üçün belə etməzlər.

Mövzu ilə bağlı “Sherg.az”a danışan heyvansevər activist Elxan Mirzəyev bu mövzu ilə bağlı dəfələrlə qurumlara müraciət etdiklərini qeyd edib:

“Cəmiyyətimizdə hər sahədə olduğu kimi, bu istiqamətdə də qəddarlıqlar mövcuddur. Gəncədə güllələnmə olanda biz polis idarəsinə müraciət etdik. Əlimizdə sübut vardı. Gəncə İcra hakimiyyətinin əməkdaşı bu barədə yazmışdı, itləri güllədiklərini təsdiqləyirdi. Amma bu cinayəti törədən cəza verilmədi. Əksinə, işi ört-basdır etdilər. Polis əməkdaşlarının cinayət işinin açılması ilə bağlı rədd qərarına görə məhkəməyə müraciət etdik. Şikayətimizi təmin etməmişdilər. Gəncə Apellyasiya Məhkəməsinə də müraciət etdik. Bu da, nəticə vermədi  Yalnız tapşırıq və pul ilə nəyəsə nail olunur”.

O, heyvanlarla bağlı gördüyü tədbirlərdə mənfəət güdmədiyini bildirib:

“Heyvan haqları haqqında 90 səhifəlik qanun layihəsi hazırlamışam. Burada heç bir maddi marağım yox idi. Sadəcə, təbiəti dağıdırıq deyə cəmiyyətin oyanması üçün bunu etdim. Dövlət məmurlarına da müraciət etdik, səsimizə səs verən olmadı. Təbii ki, bu onların maraqlarına uyğun deyil”.

Aktivistə görə  “güclü” və “zəif” təbəqələşmə bizi məhvə aparacaq:

“Sahibsiz  heyvanları idarə etməyin qanuni və elmi yolları var. Bu cür qəddarlıqla edilməməlidir. Niyə belə edirik, axı? Vicdani və etik olaraq heç nəyə uyğun gəlmir. "Sahibsiz heyvanlara qayğı" adlı bir mərkəz var. Orada da heyvanları öldürürlər. Bizim cəmiyyət "Kim güclüdürsə, o da haqlıdır" prinsipi ilə qurulub. Bu, bizi uçuruma aparır. İnsanlar özlərini təbiətin sahibi kimi görür. Amma adi bir virusdan qırılırlar. Bu, həmin prinsipin cavabıdır”.

E.Mirzəyev vurğulayıb ki, itlərlə bağlı dəfələrlə şayiələr yayılıb:

“Özləri itlərə zülm verir, sonra başlayırlar ki, it bunlara hücum edib. Bir dəfə rayonda gəzirdim. Gördüm ki,  4-5 yaşlı bir uşaq sakit və fağır itə daş atır. Ancaq it ona heç nə etməmişdi. Mən uşağın anasına iradlarımı bildirdim. Çünki uşağa nə təlqin olunursa, onu da edir. Artıq insan uşaqlıqdan düşünür ki, özündən zəifə zülm vermə haqqına sahibsən”.

Onun fikrincə,Türkiyədən nümunə götürə bilərik:

“Qardaş Türkiyədə sahibsiz heyvanların qanuni statusu "ev heyvanları"dır. Yəni küçədə də yaşasalar, hüquqi cəhətdən bu cür adlanırlar. Onlar küçələrdə , insanların yanında, mağazalarda rahat gəzir. Amma biz o qədər qəddarıq ki, bu cür ola bilmirik. Fikirləşirlər ki, məmursansa heyvandan güclüsən, nə istədin, edə bilərsən. Əslində, əcdadlarımız üçün it çox əhəmiyyətli olub”.

E.Mirzəyev cəmiyyətimizin bu halına acıyır, onu belə görmək istəmir:

“İtləri güllələməklə, satmaqla, dərilərindən pul qazanırlar. Nə qədər alçaq bir düşüncədir. Necə murdar işlərlə məşğul olurlar. Bu cəmiyyətə baxanda ürəyim ağrayır. Biz əvvəllər xeyirxah, zəifə kömək edən, mehriban idik. Ancaq indi iyrənc şeylərdə adımız ön sırada çəkilir”.

Cəmilə ƏZİM