Bakıda “Azərsu” işçiləri avtomobil qəzasına düşdülər - YENİLƏNİB

Ötən gün baş verən yol qəzası nəticəsində Kliniki Tibbi Mərkəzə yerləşdirilən üç nəfər müalicəsini xəstəxanada davam etdirir.
Bu barədə Oxu.Az-a Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu məlumat verib.
O bildirib ki, “Azərsu” ASC-nin iki əməkdaşı travmatologiya, digər yaralı isə neyrocərrahiyyə şöbəsinə yerləşdirilib:
“Həkim müayinəsi zamanı yaralı, 1960-cı il təvəllüdlü R.Mənəfova müştərək qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, hər iki baldır sümüyünün sınığı diaqnozları qoyulub. 1983-cü il təvəllüdlü N.Qəhrəmanova isə baldır sümüyünün sınığı diaqnozu ilə müalicə təyin edilib. Digər yaralı, 1974-cü il təvəllüdlü Zaur Məmmədov isə qapalı kəllə-beyin travması, beyin silkələnməsi və döş qəfəsinin küt travması diaqnozu ilə müalicəsini davam etdirir”.

11:04

Ötən gün “Azərsu” əməkdaşlarını avtomobil vurub.

Oxu.Az xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu, Xətai prospektində baş verib.

Belə ki, “Mercedes-Benz” markalı avtomobil sözügedən ərazidə kanalizasiya sistemini təmizləyən, “Azərsu”ya məxsus olan “MAN” markalı xidməti maşını vurub.

Hadisə nəticəsində sürücü və “Azərsu”nun işçiləri, çilingər və mühəndis - 1960-cı il təvəllüdlü Rahəd Mənəfov, 1983-cü il təvəllüdlü Nurlan Qəhrəmanov xəsarət alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri orta-ağırdır.

“Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı faktı Oxu.Az-a təsdiq edib. O bildirib ki, yaralılar Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər:

“Hadisə Nərimanov rayonu Xətai prospekti (Şərq bazarının qarşısında) baş verib. Gecə saatlarında ərazidə yerləşən D1000mm kollektorunun qrafikə uyğun yuyulması zamanı “Mercedes-Benz” markalı minik avtomobili arxadan kanal yuyan maşına çırpılaraq qəza törədib. Nəticədə mühəndis və çilingər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hazırda Kliniki Tibbi Mərkəzdədirlər. Hər ikisinin bədənində müxtəlif sınıqlar var”.

Hadisə ilə bağlı araşdırma aparılır.