Küçə itlərindən qaçarkən yük maşınının altında qaldı

Mahra son mənzilə yola salındı 

 Türkiyənin Antalya şəhərində 23 gün əvvəl yük maşınının altında qalan 10 yaşlı Mahra Melin Pınar xəstəxanada müalicə alsa da, həkimlər onun həyatını xilas edə bilməyib. 

“Şərq” “NTV.com.tr”yə istinadən xəbər verir ki, faciəli hadisə 5 mart tarixində Antalyanın Belek məhəlləsində yaşanıb. Küçə itləri 10 yaşlı Mahraya hücum edib. Uşaq itlərdən qaçmağa çalışıb, yolu keçərkən İrfan Y-nin idarə etdiyi yük maşınının altında qalaraq ağır xəsarət alıb.

Uşaq Serik xəstəxanasına aparılıb. Müayinə zamanı məlum olub ki, Mahranın beynində tromb əmələ gəlib. Sağ ayağı da ciddi xəsarət alıb. Uşağın sağ ayağı dizindən əməliyyatla amputasiya olunub. Həkimlərin səyinə baxmayaraq Mahranın həyatını qurtarmaq mümkün olmayıb.

 Uşağın cənazəsi Belek Mərkəzi Camisinə gətirilib. Dəfn mərasimində qızın atası Murad, anası Dərya, 9 yaşlı qardaşı Murad Dərin Pınar, nənə-babası, yaxın qohumları, həmçinin məktəbli dostları, vali köməkçisi, bələdiyyə başqanı, bölgə üzrə milli təhsil şöbəsi müdiri də iştirak edib. 

Qızcığazın anası Dərya Pınar balasının tabutuna sarılaraq  “Özü də, qəlbi də gözəl idi. Getdi, gözəl qızım, mələk oldu” deyə, göz yaşı töküb. Mahranın nənəsi də “gözəl qızım, bizi tərk etmə”, deyərək ağlayıb. Cənazə namazından sonra Mahran torpağa tapşırılıb. 

Mahranın atası Murad Pınar isə başqa uşaqlar da məhv olmasın, həyatları sönməsin deyə, hüquqi müstəvidə lazım olan işləri davam etdirəcəyini deyib: 

“İndi danışa bilmirəm. Qızımı torpağa tapşırdım. Başqa uşaqlar eyni faciəni yaşamasın deyə, günahkarların cəzalanması üçün əlimdən gələni edəcəyəm”.