Ölkədə bircə dənə də olsun normal dini telekanal yoxdur

Xaricə işləyən axundlar indi də yutubdan, sosial şəbəkələrdə at oynadırlar

"Onlar istər orucluqda, istərsə də digər zamanlarda ənənəvi islamın, xalqımızın qavradığı inancın əksinə təbliğat aparırlar"


12 ay içində mübarək Ramazan ayından daha əzəmətli ay yoxdur. Çünki Allah bu ayda bəşəriyyətə özünün ən böyük hədiyyəsini, “Qurani-Kərimi” bəxş edib. “Min aydan daha xeyirli” Qədr gecəsi də bu ayın içərisindədir. Ona görə də Ramazanı məcazi anlamda “on bir ayın sultanı” adlandırırlar. Ramazan təlim və tərbiyə, paklıq və təmizlənmə, özünüislah ayıdır. Bu ayda edilən ibadətlərlə, xeyir əməllərlə Allaha yaxınlaşma mərhələlərini daha sürətlə keçmək mümkündür

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) fətvasına əsasən, mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayı ərzində iftar süfrələri açmaq, yardım və xeyriyyəçilik etmək, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində köməklik göstərmək Allah nəzərində bəyənilən əməllərdəndir. Həmçinin, valideynlərin qayğısına qalmaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm və ibadətlə məşğul olmaq bu ayda ən böyük savab əməllərdən sayılır. 

Mübarək ayın mənəvi faydaları ilə bağlı “Şərq”ə danışan ilahiyyatçı Tural İrfan deyib ki, orucluq ilahi kitabımız olan “Qurani-Kərim”də müsəlmanlara fərz, yəni vacib buyurulan əmrlərdəndir. Ekspertin sözlərinə görə, oruc nəfsi, ruhu, cismi və malı təmizləyir: “Oruc tutanda insan mənən saflaşır, Tanrıya yaxınlaşır. Acların hansı hissi keçirdiyini dərk edir və sonda fitrə zəkatı verir. Oruc başqa dinlərdə də var.

 Oruc tutan adam şəriətə görə sübh alatorandan gün batana qədər yeməkdən, içməkdən, cinsi əlaqədən çəkinməlidir. Ramazan ayı mübarək ay hesab olunduğuna görə bu ayda daha çox savab işlər görülməli, kasıblara əl tutulmalıdır. Təmtəraqlı kabab süfrələri təşkil edib sosial şəbəkələrdə iftar süfrəsi adı altında paylaşmaq, iftar süfrələrinə yalnız varlı, vəzifəli adamları yığıb özünü reklam etmək dində haram və günah sayılır. İnsan təvazökar və sadə olmalıdır. Bu, Ramazan ayında daha çox əməl olunmalı xüsusdur. Təəssüf ki, ölkəmizdə din məsələsini Qafqaz Müsəlmanları İdarəsi demək olar ki, məhv edib. Yəni din işlərini nə özü doğru görə bilir, nə də Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinə imkan verir. Əksər illərdə Qafqaz Müsəlmanları İdarəsi İranın və Rusiyanın siyasi təsir dairəsində olduğu üçün hətta Ramazan ayının başlanğıcını da İrana görə təyin edirdi. İranda da din siyasiləşdiyinə görə onlar bu cür əlamətdar günləri və bayramları hər zaman dinin tələblərinə görə yox, dövlət maraqları naminə təyin edir, müəyyən edirlər. Ümumislam və türk dünyasının əksinə olaraq onlarla eyni günə düşməmək üçün həmişə nifaq salırlar. Təəssüf ki, Qafqaz Müsəlmanları İdarəsi də onları təqlid edir. Amma bu il artıq bu idarənin səlahiyyətlərinin məhdudlaşdırılması çərçivəsində Ramazanın başlanğıcı həm İslam ümmətinin, həm də qardaş Türkiyənin elan etdiyi vaxtla eynilik təşkil etdi”. 
T.İrfan vurğulayıb ki, ölkədə bircə dənə də olsa normal dini telekanal, əhatəli mətbu qurum yoxdur: “Ona görə də insanlar inanc ehtiyaclarını qarşılamaq üçün xarici televiziyalara baxırlar. Bu da müəyyən mənada tam ehtiyacı ödəmir. Bu gün açıq-aşkar din pərdəsi altında yerləşdirilmiş axundlar yutubdan, sosial şəbəkədən istər orucluqda, istərsə də digər zamanlarda ənənəvi islamın, xalqımızın qavradığı inancın əksinə təbliğat aparırlar. Çünki vaxtında tədbir görülmədi və onlar kök atdı. Artıq həmin şəxslərin kifayət qədər auditoriyası var ki, onlar xaricdə əyləşən dini liderlərə xüms, zəkat adı altında maliyyə də göndərirlər. Əsl ilahiyyatçılara, milli təfəkkürdə olan dinşünaslara, dövləti sevən islamşünaslara Qafqaz Müsəlmanları İdarəsi imkan vermir. Sorğu keçirilsə, Azərbaycanda fəaliyyət göstərən məscidlərin 70 faizindən yuxarı axundları ya İranda təhsil almış, ya da İranda oturan siyasi mollaya təqlid edən şəxslərdir. Regionçuluq, məzhəbçilik ölkəmizin din sferasını darmadağın edib. Ona görə də fərqli və bir-birinə zidd fikirlər artır. Normal şəkildə insanlar maarifləndirilmir. Müstəqil ilahiyyatçıların da imkanı yoxdur ki, kitab çap etsin, telekanal açsın. Təqvim vərəqini internetdə düzəldib, sosial şəbəkədə yaymaqla vəzifəsini bitmiş sayan Qafqaz Müsəlmanları İdarəsi təəssüf ki, xalqımızın sivil, kübar, ənənəvi islam modelini zədələdi. Xarici ölkələrin siyasiləşmiş din modelləri ilə qatışdırdı. Ona görə də bu gün boşluqlar çoxdur və o boşluqları doldurmaq üçün gərək dövlət qurumları ən azı 20 il işləsin”.