Məktəbli bıçaqlandı! – Təhsil ocağı, yoxsa “sxodka” məkanı? -  Müqəssir göstərildi 

“Əlbəttə ki, məktəblər və təhsil ocaqları da öz üzərinə düşəni etmir və məsuliyyəti valideynin üstünə atır”

“Nəticədə şagirdlər ya Tik-Tokda təsbeh çevirir, ya sinifdə uşaq bıçaqlayır”

“Birmənalı olaraq anlayırıq ki, şagirdlər bunu etməməlidir! Ancaq şagirlərin bunu edəcək qədər boş zamanı da olmamalıdır. Məktəbdə belə boş zamanın olması işin səriştəsiz təşkilini göstərir”



Siyəzəndə iki şagird arasında dava olub. Hadisə Cəfər Cabbarlı adına 1 nömrəli tam orta məktəbin ərazisində baş verib. X sinif şagirdi M.B. IX sinif şagirdi S.A. tərəfindən bıçaqlanıb. M.B. xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. Hadisəni törədən S.A. saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov faktı Oxu.Az-a təsdiqləyib. Faktla bağlı araşdırma aparılır.


Təhsil ocaqlarında şagirdlərin bu cür krimanal hadisələrə meyl etməsini “Sherg.az”a şərh edən psixoloq Əfsanə Rüstəmova bildirib ki, tərbiyə olduqca individual məsələyə çevrilib:

“Cinsiyyətə görə tərbiyə şəkli də dəyişir. Qızlarını nağıl qəhrəmanı kimi böyüdən analara, oğlanlarını “mən qız böyütmürəm ki!” deyə istiqamətləndirən atalara baxanda rastlaşdığımız hadisələr bizi təəccübləndirməməlidir. 

Valideynlər nə edəcəklərini bilmirlər. Uşaqların “böhran yaş dönəmi”ndə onları necə idarə edəcəklərinə dair valideynləri məlumatlandıran yoxdur. 

Əlbəttə ki, məktəblər və təhsil ocaqları da öz üzərinə düşəni etmir və məsuliyyəti valideynin üstünə atır. Nəticədə şagirdlər ya Tik-Tokda təsbeh çevirir, ya sinifdə uşaq bıçaqlayır. 

Birmənalı olaraq anlayırıq ki, şagirdlər bunu etməməlidir! Ancaq şagirlərin bunu edəcək qədər boş zamanı da olmamalıdır. Məktəbdə belə boş zamanın olması işin səriştəsiz təşkilini göstərir”.

Psixoloq bhesab edir ki, uşaqları sadəcə valideynlər yox, eyni zamanda cəmiyyət, filmlər, mahnılar, oyunlar tərbiyə edir:

“Məsələn, metronun “Nərimanov” stansiyasının çıxışındakı parka getmək kifayətdir ki, insanların psixologiyalarının necə pozulduğunu müşahidə edək. Fondakı bayağı mahnılar sadəcə atraksionlarda yox, taksidə, avtobusda, sosial şəbəkə trendlərində -hər yerdə var. Uşaqlar da hərəkət olaraq mahnıda deyiləni, filmdə gördüklərini təkrarlayırlar. Onlar həyatlarına maraq qatmaq üçün nə isə axtarır. Nə ailələr, nə təhsil onlara istədiyini verə bilmədiyi üçün onlar da belə kənaraçıxmalar edirlər.

Hər iki ailə üçün təəssüfdoğurucu məqamdır. Öncəliklə, ikisinə də keçmiş olsun deyək. Və bu hadisənin fonunda yeniyetmələrlə işin təşkilinin nə qədər məsuliyyətli olduğunu bir daha qeyd edək.

Mühafizə sistemləri önləyici olmalıdır. Amma ən güvənli mühafizə tədbiri ədəbdir, tərbiyədir. Heç nə üçün heç zaman gec deyil. Yetər ki, hər kəs lazımi qədər öz öhdəsinə düşəni etsin”.