Yeni su mənbələri çoxdan tapılmalı idi

Kür çayı həm Ermənistan, həm də Gürcüstan tərəfindən zərərli qatqılarla çirkləndirilir

Mirvari Qəhrəmanlı: “Bununla bağlı Parlamentdə müzakirələr planlaşdırılırsa, mütəxəssisləri cəlb etsinlər”
 
  Milli Məclisdə içməli su problemi, suyun keyfiyyəti və onun təmizlənməsi texnologiyaları barədə müzakirələr təşkil ediləcək. Bu məsələ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin yaz sessiyası üzrə İş planına daxil edilib. İş planına həmçinin suvarma mövsümünə hazırlıq işlərinə dair müzakirələr daxil edilib. Bundan əlavə, komitə ekologiya sahəsində ixtisaslaşmış QHT ilə görüşlərin və müzakirələrin aparılmasını, Cop 27-nin nəticələri və Qlobal iqlim dəyişikliyinin Azərbaycana təsiri ilə bağlı müzakirələrin keçirilməsini nəzərdə tutur. 

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı “Şərq”ə açıqlamasında bildirdi ki, Azərbaycan Dövlət Neft Fondunun büdcəsi hesabına Oğuzdan Bakıya su kəməri çəkilib. Kəmərin çəkilişi 450 mln. manata nəzərdə tutulsa da, sonra da 300 milyon. manat əlavə vəsait ayrıldı və kəmər  920 milyon manata başa gəldi: 

- Kəmər Bakı və onun rayonlarını 24 saat içməli su ilə təmin etməli idi. Lakin verilən vədlər yerinə yetirilmədi. Oğuzdan gələn suyun hamısı əhaliyə verilmədi. Səlahiyyətli şəxslər dəfələrlə bəyan ediblər ki, Oğuzdan gətirilən suyun tərkibi Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyənləşdirilən standartlara tam uyğundur. Amma ölkədə istifadə olunan içməli su təmiz deyil. 
Ev şəraitində də təmizlənmədəm istifadəsi insan orqanizmi üçün ziyanlıdır. İçməli su kimi əhali əsasən Kür çayından verilən sudan istifadə edir. Kür çayı həm Ermənistan, həm də Gürcüstan tərəfindən zərərli qatqılarla çirkləndirilir. Azərbaycan hökuməti hələ uzun illər öncə əhalinin sağlamlığının qorunması məqsədilə proqram qəbul etməli, yeni su mənbələri tapmalı, ekoloji çirklənmənin qarşısını almalı idi. 

Çaylarımıza Ermənistan tərəfindən radioaktiv maddələr axıdılır. Suyun keyfiyyəti necə normal ola bilər? Bununla bağlı parlament müzakirələr aparılmasını planlaşdırırsa, mütəxəssisləri cəlb etsinlər, suyun keyfiyyətinin yaxşılaşdırılması üçün hansı əməli işlər görülməli olduğunu açıqlasınlar.