Daha iki nəfər ermənilərin mina terrorunun qurbanı oldu



Ermənistana "mülki missiya" yollayanlar, Rasmussen kimi yaramazları qabağa verənlər, bu cinayətə ortaqdır


  Ağdam rayonunun Yusifcanlı kəndi ərazisində kəndin iki sakini mina partlayışı nəticəsində həyatlarını itirib. Onlar heyvan otararkən minaya düşüblər. Hadisədən sonra Xarici İşlər Nazirliyi növbəti dəfə beynəlxalq təşkilatlara Ermənistanın mina terroru ilə bağlı çağırış edib. Nazirlik dünya ictimaiyyətini Ermənistanın cinayətlərinə göz yummamağa səsləyib. Məlumat üçün bildirək ki, Vətən müharibəsindən indiyə qədər ümumilikdə 286 nəfər mina qurbanı olub, onlardan 48 nəfər həlak olub. Ağdamda baş verən mina partlayışı bir daha onu göstərir ki, Azərbaycana yararlı və düzgün mina xəritələrini təqdim etməyən, üçtərəfli bəyanatın 6-cı bəndini kobudcasına pozaraq Azərbaycan ərazisində hərbi fəaliyyəti, minaların daşınmasını və yerləşdirməsini davam etdirən Ermənistanın əsas məqsədi postmünaqişə dövründə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə mane olmaqdır. Ermənistan tərəfi habelə məcburi köçkünlərin geri qayıtmasına və öz yerlərində dinc yaşamasına maneçilik yaratmaq niyyətindədir. Şübhə yox ki, İrəvanın bu addımları regionda sülh, təhlükəsizlik və əməkdaşlığın reallaşdırılmasına başlıca əngəl olmaqda davam edir. 
  Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bildirib ki, Ermənistan bu gün də təxribatlarını davam etdirərək işğaldan azad olunmuş ərazilərimizi yenidən minalarla çirkləndirir. Ombudsman mülki insanların davamlı olaraq həyat və sağlamlığına qəsd edən Ermənistanın mina terrorunu kəskin şəkildə pisləyib. Vurğulayıb ki, Ermənistan 30 ilə yaxın bir dövr ərzində Azərbaycanın Qarabağ bölgəsindəki şəhər və rayonlarını yalnız işğal altında saxlamaqla kifayətlənməyib. Həm də günahsız insanları qətlə yetirmək məqsədilə həmin əraziləri qəsdən kütləvi şəkildə minalayıb: "Ermənistan nəinki ötən illər ərzində basdırdığı minaların dəqiq xəritələri haqqında ölkəmizə məlumat vermir, ərazilərimizi yenidən minalarla çirkləndirir. Nəticədə mülki şəxslərin və hərbçilərin həyatı ciddi təhlükə altına düşür. Bir daha dünya ictimaiyyətinə, o cümlədən insan hüquqlarının müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilatlara səslənərək insan hüquq və azadlıqlarının müdafiəsi məqsədilə bu məsələdə qətiyyətli mövqe nümayiş etdirməyə çağırıram".
  Millət vəkili Sahib Aliyev deyib ki, iki gənc soydaşımızın Ağdamın Yusifcanlı kəndində heyvan otararkən minaya düşüb həyatlarını itirmələri olduqca üzücü xəbərdir. Deputat bildirib ki, bu cinayətlərə görə, təkcə işğal altında olmuş torpaqlarımızı "mina plantasiyası"na çevirən hay nasistləri deyil, həm də onların vəhşiliklərini görməzdən gələnlər məsuliyyət daşıyır: "Məhz həmin dairələr xəstə xislətli hayların Qarabağa mina daşıması üçün Laçın yolunda Azərbaycanın nəzarət-buraxılış məntəqəsi qoymasının əleyhinə çıxırlar. Ermənistana "mülki missiya" yollayanlar, Rasmussen kimi yaramazları qabağa verənlər, səfirlərini haylara dəstək məqsədilə Gorusa göndərənlər, Qafanda konsulluq açanlar bu cinayətə ortaqdır".