Şuşada 5 nəfərin ölümü eniş-yoxuşlu yollara görə baş verib - EKSPERT

Həmin yollar burada hərəkət edən sürücülərdən yüksək peşəkarlıq tələb edir


Şuşada 5 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat qəzasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşlarının həlak olması xəbəri təsdiqini tapmayıb. DİN Bərdə regional qrupunun məlumatına görə, hadisə rayonun Daşaltı kəndində qeydə alınıb. Elvin Abbasovun idarə etdiyi "Nissan Navara" markalı avtomobil hərəkətdə olan zaman idarə etmədən çıxıb. Avtomobil yoldan çıxaraq aşıb və avtomobildə yanğın baş verib. Nəticədə avtomobildə olan sərnişinlər Kamil Qaybalıyev, Rəşad Atakişiyev, Şahbaz İsayev, Eldəniz Həsənov, Hümbət Hümbətov hadisə yerində yanaraq ölüblər. Sürücü isə ağır yanıq xəsarətləri ilə Füzuli rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Baṣ vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Şuşa Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb. Hazırda istintaq davam etdirilir. 


Sherg.az xəbər verir ki, baş vermiş yol-nəqliyyat hadisəsi barədə fikirlərini bildirən nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov qeyd etdi ki, 5 nəfərin yanaraq həlak olması, bir nəfərin ağır xəsarət alması ilə nəticələnən faciəvi yol-nəqliyyat hadisəsi əvvəllər toxunduğumuz bir məsələyə təkrar-təkrar dönməyi zəruri edir: 


- Yəqin ki, bu hadisə sərt eniş-yoxuşlu yol sahəsində baş verib. Azad edilən ərazilərimizdə belə yollar çoxdur: Zəfər yolu, Murov yolu, Kəlbəcər-Laçın yolu. Minkənd-İstisu yolu, rayonlarımızın ərazilərindəki onlarca digər yollar. Həmin yollar burada hərəkət edən sürücülərdən yüksək peşəkarlıq tələb edir. Sürücülər ilk növbədə avtomobillərinin texniki vəziyyətinə, xüsusən tormoz sisteminə, təkərlərinə, sükan mexanizminə çox diqqətlə yanaşmalıdırlar. Yolda hərəkət vaxtı sərt enişdə iş tormozundan istifadə etmədən, mühərriklə tormozlamadan və başqa yardımçı funksiyalardan istifadə etməlidirlər. Enişlərdə sürətə çox diqqətlə yanaşmalıdırlar, şəraitə uyğun olmayan sürətdə heç bir müasir funksiya sürücüyə kömək edə bilməz.
Yoxuşlarda avtomobili qovmamalıdırlar, yenə də şəraitə uyğun sürətlə, mühərriki çox yükləmədən, yardımçı funksiyalardan istifadə etməklə hərəkət etmək lazımdır.
Yol şəraitinə də xüsusi diqqət yetirmək vacibdir. Dağlarımızda ilin istənilən vaxtı, xüsusən də bu vaxtlar, duman, çiskin, yağıntı ola bilər. Bir azdan qar-buz da olacaq. Bundan əlavə, ərazilərdə tikinti getdiyindən asfalt örtüyü olan yolların da çox yerində yola səpələnmiş torpaq, qum, tikinti texnikasının təkərlərindən bulaşmış palçıq var. Belə asfalt azca yaş olanda çox ciddi sürüşmə effekti yaradır. Sürücülər bütün bunları hər zaman nəzərə almalıdırlar. Azad edilən ərazilərdə çalışan təşkilatlar da yol hərəkəti təhlükəsizliyinə çox ciddi yanaşmalıdırlar. Bu işdə laqeydlik çox baha başa gəlir. Bütün hallarda sürücülər daha da diqqətli olmalı, özlərini də, başqalarını qorumaq üçün daim düzgün hərəkət etməyə çaışmalıdırlar.