Ağdamda mina partlayışı ilə bağlı araşdırma aparılır - RƏSMİ

Ağdam rayonu ərazisində şəxsin mina partlaması nəticəsində xəsarət alması faktı ilə bağlı araşdırma aparılır.
Bu barədə "Sherg.az"a Baş Prokurorluqdan bildirilib.
Vurğulanıb ki, dekabrın 5-də Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1992-ci il təvəllüdlü Əkbərov Vaqif Sabir oğlunun xidməti vəzifəsini yerinə yetirən zaman mina partlaması nəticəsində xəsarət alması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, bu gün işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində Agentliyin əməkdaşı 1992-ci il təvəllüdlü Əkbərov Vaqif Sabir oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Xəsarət alan şəxs hadisə yerindən təxliyə edilərək, rayon xəstəxanasına çatdırılıb. Xəsarət alan şəxsin sağ ayağı dizdən aşağı nahiyədən amputasiya edilib. Vəziyyəti qənaətbəxşdir.