Nişanlısı onu tərk etdi, amma inadından əl çəkmədi

Hər iki qolunu itirdi

"Əgər bunu etsəm, Türkiyədə bir ilk olacaq"

  Qəfil qəza onun həyatını alt-üst edib. Nişanlısı tərk edib gedib. İki qolu da kəsilmiş gənc oğlanın ibrət alınası həyat hekayəsini “Sherg.az" Milliyet.com.tr”yə istinadən təqdim edir. Haluk Tokat Sakaryada dünyaya gəlib. Ataları vəfat etdikdən sonra ailəliklə Adanaya köçüblər. Haluk o zaman 6 yaş yarımlıq olub. Məktəbi bitirib, liseydə təhsil alıb, sonra isə işləməyə başlayıb. Hərbi xidmətini Quzey Kıbrısda başa vurub yenidən Adanaya qayıdıb. Burada əvvəllər də çalışdığı musiqi alətləri dükanında yenə çalışmağa başlayıb. Halukun məqsədi özünün musiqi alətləri sexi açmaq və alətlər düzəltmək olub. Lakin 2001-ci ildə Türkiyədə yaşanan iqtisadi böhran bu arzusunun reallaşmasına mane olub. Anası da vəfat edib. Amma nişanlısı olan qız ona dəstək verib. 2009-cu ildə isə Haluk gözlənilməz bir qəza keçirib. Bu da onun həyatını alt-üst edib. Dükanda gəlirləri azaldığından elektrik şəbəkəsində operator işinə düzəlib. Taleyinin sərt dönüşü də buna görə baş verib. İş başında olarkən yüksək gərginlikli elektrik cərəyanı onu vurub. Təcili xəstəxanaya çatdırlıb. Əməliyyata alınıb və hər iki qolu kəsilib. Həkimlər onun həyatdaqalma ehtimalını 5 faiz dəyərləndiriblər. Əməliyyat edilməzsə, öləcəkmiş. Haluk bütün baş verənləri dumanlı xatırlayır. Cərəyanın gücündən yıxılıb, huşunu itiribmiş. Müayinə edən həkimlər qollarının kəsilməli olduğunu deyib. Amma hansı hissədən, hansı ölçüdə, bilinməyib. Həkimlər “bu, əməliyyat zamanı məlum olacaq”, söyləyib. Haluk isə “nə olar, qollarımı kəsməyin, deyib onlara yalvardım, evlənməyə hazırlaşıram, dedim, mümkün olmadı. Yaşamaq istəyirsənsə, qolların kəsilməlidir, dedilər. Haluk gözlərini açdıqda bədənin sarıqlara bürünmüş halda görüb. Qolları isə artıq yox idi. “Birtəhər özümdə güc tapıb ayağa qalxdım. Bir neçə dəfə daxili qanama keçirmişdim deyə, həkimlər qalxmağıma icazə vermirdilər. Əməliyyatdan sonra özümə gəlməyim 6 ay çəkdi. Anam artıq həyatda deyildi. Ən yaxınlarım məni tərk etdilər. Nişanlım da məndən uzaqlaşdı. Getdikcə daha az adam mənə baş çəkməyə gəlirdi. Böyük acılar çəkdim, amma həyata bağlanmağı öyrəndim” söyləyən Haluk Tokat küçələri gəzərək qələm satmağa başlayıb. Onun yaşayışı çox çətin keçib. Ehtiyaclarını qarşılamaqda zorlanıb. Əynini də geyinə bilməyib. Bunun belə davam edə bilməyəcəyini dərk edən Haluk İstanbula köçüb. Və sərbəst yaşamaq üçün hərəkətə keçib. “Yavaş-yavaş toparlanıb ev işlərini özüm görməyə vərdiş etdim. İlk dəfə şalvarımızı özüm geyinəndə, sevincdən ağladım. İlk dəfə özüm üçün yemək hazırlayıb necə ləzzətlə yediyimi xatırlayanda yenə məni ağlamaq tutur. Bazara getdim və orda piştaxta götürüb tərəvəz satmağa başladım. Bir araba aldım və küçələri dolaşıb satıcılıq etdim. Getdikcə məndən meyvə, tərəvəz alanların sayı artmağa başladı. Restoranlar, yeməkxanalar mənə təzə meyvə, tərəvəz sifarişi verirdi. Mən də onlara vaxtında çatdırırdım, beləcə pulumu qazanırdım. 52 yeməkxananı meyvə-tərəvəzlə mən təmin edirdim”, deyən Haluk Tokat sonra tanıdığı əlil insanları ətrafına toplayıb və firma qurublar. Firmada yalnız fiziki qüsurlu insanlar çalışmağa başlayıb, indi də belədir. Yaşayışları yaxşılaşıb, gəlir əldə ediblər. Haluk Tokat yaxın zamanda firmanı daha da böyütməyi və daha çox işçiyə əməkhaqqı verməyi planlaşdırır.