İstanbulda ƏMƏLİYYAT: Saxta dollarla məşğul olan dəstə yaxalanıb - FOTOLAR

İstanbulda bankomatlara orijinalına çox oxşayan saxta 100 dollar yatıran, daha sonra internet bankçılıq vasitəsilə TL-yə çevirərək başqa hesablara köçürən 2-si qadın olmaqla 9 nəfərdən ibarət dəstə polis tərəfindən yaxalanıb. Şübhəlilərin bankomatlardan saxta pul yatırdığı anları təhlükəsizlik kameraları qeydə alıb. 
Sherg.az türk mediasına istinadən xəbər verir ki, İstanbulda bir bankın baş ofisinin əməkdaşları bankomatları vasitəsilə aparılan şübhəli əməliyyatları görüb və tədbir görüblər.


Səlahiyyətlilər 100 dollarlıq əskinasların bankomatlardan istifadə edən şəxslər tərəfindən bir-birinin ardınca yatırıldığını və daha sonra Türk lirəsinə çevrilərək başqa hesablara köçürüldüyünü aşkar edərək, sözügedən 33 100 dollarlıq əskinasları hesabatla birlikdə ekspertiza üçün Mərkəzi Banka göndərib.

Araşdırma zamanı məlum olub ki, 100 dollarlıq əskinaslar orijinala çox oxşayan saxta pullardır.

Sözügedən əskinasların hətta pul sayan maşınlardan keçdiyi öyrənilib.
Bu hadisədən sonra bank səlahiyyətlilərinin müraciəti əsasında polis tərəfindən araşdırma başlanıb.


Fırıldaqçılıq Bürosuna bağlı qruplar əvvəlcə təhlükəsizlik kamerası görüntülərindən istifadə edərək bankomatlarda əməliyyat edən şübhəliləri təqib edib. Daha sonra pulun göndərildiyi hesab sahibləri bir-bir müəyyən edilib.

Əməliyyat zamanı ikisi qadın olmaqla 9 nəfərdən ibarət dəstə saxlanılıb.


Asayiş Şöbə Müdirliyində əməliyyatları həyata keçirilən şübhəlilərin pulun saxta olduğunu bilmədiklərini söylədikləri öyrənilib.

Şübhəlilər əməliyyatlarının ardından ədliyyəyə sövq edilib. Ədliyyə binasında hakim qarşısına çıxan şübhəlilərdən 4-ü həbs edilərkən, 5 şübhəli isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.