Oqtay Qasımov Arif Hacılıdan aydınlıq istəyir

""Elçibəy İnstitutu"nda şəxsi maraqlar üçün istifadə ediləcək bir şey yoxdur"


  Müsavat Partiyasının başqanı Arif Hacılı təsisçilərindən biri olduğu “Elçibəy İnstitutu”ndan  istefa verib. 
Bu barədə sosial şəbəkə hesabında paylaşım edən A. Hacılı səbəb kimi  Elçibəy İnstitutunun  aparıcı üzvlərinin Elçibəyin  adından şəxsi maraqları naminə istifadə etməsini göstərib. Onun sözlərinə görə, Elçibəyin yüksək adından onun irsini tədqiq və təbliğ etmək üçün deyil, şəxsi maraqları naminə istifadə etmələri Müsavatın təməl prinsipləri ilə üst-üstə düşmür. 

  “Elçibəy İnstitutu” İctimai Birliyinin icraçı direktoru Oqtay Qasımov isə  “Sherg.az”a açıqlamasında Müsavat başqanının bu addımının onun üçün də gözlənilməz olduğunu deyib: 
“Arif bəyin istefa səbəbləri barədə  məlumatsızam. İstefa səbəblərinə Arif bəy özü aydınlıq gətirsə, daha doğru olar. Arif Hacılı ilə bağlı bu günə qədər heç bir problem də  olmayıb. Onun konkret olaraq kimləri nəzərdə tutduğunu da bilmirəm. Ümumiyyətlə, “Elçibəy İnstitutu”nda şəxsi maraqlar üçün istifadə ediləcək bir şey yoxdur. Ona görə  deyirəm ki, bu iddialara Arif bəy özü aydınlıq gətirsə, daha yaxşı olar”.