Xəzərin Azərbaycan sahillərində quruma: Təhlükə?!

Suyun səviyyəsinin düşməsi İran sahillərinə nisbətən Azərbaycan sahillərində özünü daha çox büruzə verir

  Ötən bir neçə il ərzində Xəzər dənizində suyun səviyyəsi 50 sm azalıb. Bunu İranın Su Tədqiqatları İnstitutunun rəhbəri Məhəmməd Rza Kavyanpur deyib. M.Kavyanpurun sözlərinə görə, nəticədə Xəzər dənizinin 190 milyard kubmetr suyu məhv olub. O əlavə edib ki, Xəzər dənizində su səviyyəsinin azalmasının əsas səbəbi iqlim dəyişikliyi nəticəsində mövcud olan istilikdir: "Ötən il hava temperaturunun 1,3 dərəcə yüksəlməsi müşahidə olunub. Bu ildə də temperaturun 1-4 dərəcə yüksələcəyi gözlənilir. Temperaturun yüksəlməsinin su ehtiyatlarına və su səviyyəsinin azalmasına birbaşa mənfi təsiri var". İranlı rəsmi bildirib ki, təkcə ötən 10 ay ərzində Xəzər dənizində su səviyyəsi 25 sm azalıb. Onun sözlərinə görə, Su Tədqiqatları İnstitutu Xəzər dənizi ilə əlaqədar əhatəli araşdırma aparır və tezliklə onun nəticələri elan olunacaq.
  Ekoloq Rövşən Abbasov “Sherg.az"a açıqlamasında qeyd etdi ki, Xəzərin səviyyəsinin düşməsi İran sahillərinə nisbətən Azərbaycan sahillərində özünü daha çox büruzə verir:
" İran sahillərində dəniz kifayət qədər dərindir. Səviyyə düşmələri o qədər hiss olunmur. Eyni sözləri Türkmənistan ərazisinə də aid etmək olar. Türkmənistan ərazisində də dəniz daha dərindir. Yəni Xəzərin cənub və cənub-şərq hissəsində səviyyənin düşməsi o qədər də hiss olunmur. Azərbaycan ərazisində isə xüsusən şimal sahillərində dənizin səviyyəsinin düşməsi çox hiss olunur. Əsas səbəb relyeflə bağlıdır. Xəzərin Azərbaycan sahillərində 1 kilometrdən çox quruma var. Bəzi yerlərdə daha çoxdur. Bu, gəmilərin hərələtinə, gəmilərin sahilə yanaşmasına çətinlik törədir. Şimal hissədə, məsələn, Rusiyanın Həştərxan limamından gəmilər Mahaçqala limanına gətirilib. Çünki Həştərxan limanında dayazlıq yaranıb, gəmilərin hərəkəti üçün heç bir şərait yoxdur".