Masazırda qəza: qadın avtobusun altında qalıb öldü

Ötən gecə Abşeron rayonu Masazır qəsəbəsində ağır yol qəzası baş verib.
Sherg.az Trend-ə istinadən xəbər verir ki, Əliağa Vahid küçəsindən “Qurtuluş 93” yaşayış massivi istiqamətində hərəkətdə olan 525 saylı xətt üzrə “Daevoo” markalı marşrut avtobusu piyadanı vurub.

İzmail Ramazanovun idarə etdiyi avtobusun altında qalan qadın ağır xəsarətlərlə Abşeron Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Ölən qadının 1966-cı il təvəllüdlü Reyhan Boran qızı İmanova olduğu müəyyən edilib.

Faktla bağlı Abşeron RPİ-də cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, mayın 23-də oxşar hadisə baş vermişdi. Bakı şəhəri Sabunçu rayonunda avtobusdan yıxılan qadın təkərin altında qalıb ölmüşdü.