Ekspert: Cinayət və terror hadisələrinin hava limanlarında baş vermə ehtimalı daha çoxdur

Hava limanlarının girişlərində təhlükəsizlik tədbirlərinə dair yeni qaydalar tətbiq olunacaq.
APA xəbər verir ki, Türkiyə Böyük Millət Məclisində müzakirəyə çıxarılan məsələlərdən biri də təhlükəsizlik tədbirləridir.
Yeni qaydalara əsasən hava limanlarının girişlərində bütün sərnişinlər cihazla yoxlanılacaq. Cihazla axtarışın kifayət etmədiyi hallarda əl ilə axtarış aparılacaq. Özünün və ya əşyalarının fiziki axtarışını qəbul etməyən sərnişin təyyarəyə minə bilməyəcək.
Hava limanlarında təhlükəsizlik təcrübələri və yoxlamalar Çikaqo Konvensiyasının, Beynəlxalq Mülki Aviasiya Sazişinin şərtlərinə uyğun olaraq yenidən qurulur.
Qeyd olunan qanun layihəsinin bayram tətilindən sonra TBMM-nin gündəliyində müzakirəyə çıxarılması gözlənilir.


Əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev "Sherg.az"a bildirib ki, cinayət və terror hadisələrinin insanların daha çox toplaşdığı yerlərdə, iri ticarət mərkəzlərində, ictimai iaşə obyektlərində və hava limanlarında baş vermə ehtimalı daha çoxdur:

“Bu sahələrdə həmin məkanlara giriş çıxışın daha ciddi şəkildə nəzarətə alınması və insanların giriş çıxışı zamanı təhlükəsizlik tədbirlərinin gücləndirilməsi zəruridir. Belə hadisələri törətmək istəyən pis niyyətli insanlar tərəfindən müxtəlif üsullarla silah-sursatın, partlayıcı maddə və materialların həmin məkana daxil edilməsi təhlükəsi mövcuddur. Bu təhlükənin qarşısını almaq üçün müasir dövrümüzdə müxtəlif növ yoxlayıcı cihazlar və avadanlıqlar mövcuddur. Ölkəmizdə də bununla bağlı, hava limanınlarında insanların üzərində metalın olub-olmamasını müəyyənləşdirən cihazlar var. Şüphəli şəxslər olduqda hava limanında xidmət aparan Dövlət Orqanlarına məxsus şəxslər tərəfindən əlavə yoxlanış həyata keçirilə bilər. Bu cür yoxlanışların həyata keçirilməsi cinayət və terror hadisələrinin minimuma endirilməsi və qarşısının alınması istiqamətində mühüm yer tutur. Əl ilə aparılan axtarışlar isə gündəlik istifadə edilən əşyalarla bağlı deyil. Bu təhlükə törədə biləcək alətlərin və materialların axtarışı ilə əlaqəlidir”.