Göyçayda çətənə kolu yetişdirənlər saxlanılıb (FOTO)

Göyçayda polis əməkdaşları narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçiriblər.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Sherg.az-a verilən məlumata görə, tədbirlərlə Aydın Zeynalov saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı 24 ədəd çətənə bitkisi və marixuana aşkar olunub.

Keçirilən digər tədbir zamanı isə əvvəllər dəfələrlə məhkum olunmuş 53 yaşlı Mirkazım Hüseynov saxlanılıb. Ona məxsus həyətyanı sahədən çətənə kolları aşkarlanıb. Saxlanılan şəxslər narkotik tərkibli bitkiləri bir neçə ay əvvəl əkdiklərini və aqrotexniki qulluq göstərdiklərini bildiriblər.

Faktlarla bağlı cinayət işləri başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam edir.