Ağadadaş Ağayevin klinikaya qarşı mülki iddiası üzrə məhkəmə keçirilib

Xalq artisti Ağadadaş Ağayevin “Medera Hospital”a qarşı mülki iddiası əsasında məhkəmə prosesi keçirilib.
APA xəbər verir ki, bu gün Binəqədi Rayon Məhkəməsində hakim Etibar Mustafayevin sədrliyi ilə keçirilən hazırlıq iclasında Ağadadaş Ağayevin vəkilinin prosesdə iştirak edə bilməyəcəyi barədə ərizə ilə müraciət etdiyi bildirilib.
Proses iddiaçı tərəfin iştirakı olmadan keçirilib və iş məhkəmə baxışına verilib.

Məhkəmənin baxış iclası yanvarın 16-na təyin olunub.

Qeyd edək ki, bu ilin iyul ayında xalq artisti Ağadadaş Ağayevlə “Medera Hospital”ın mühafizəçisi Nurəddin Cəlilov arasında insident baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb, balta klinikada çalışan N. Paşayevaya dəyərək xəsarət yetirib.
Mühafizəçi Nurəddin Cəlilov isə Xalq artistini döyüb.
Ağadadaş Ağayev “Medera Hospital”ı mülki hüquq pozuntularından yaranan öhdəliklər üzrə mübahisələr - mənəvi zərərin ödənilməsi üçün məhkəməyə verib.

Öz növbəsində, “Medera Hospital”ın rəhbəri Qaraxan Əliyev də Ağadadaş Ağayevə qarşı iddia qaldırıb.
Müğənni mənəvi ziyana görə klinikadan 450 min manata yaxın, hospital isə Ağadadaş Ağayevdən 500 min manat pul tələb edir.

Qeyd olunan insident üzrə başlanmış cinayət işinə də Binəqədi rayon məhkəməsində baxılır.