Dolğudan sonra dodağı çürüdü: “Nə gülə bilirəm, nə də rahat yemək yeyə"

Antalyada estetik dolğu prosedurundan sonra dodağında toxuma itkisi yarandığını iddia edən 47 yaşlı aşpaz Songül Uzunoğlunun hüquq mübarizəsi 7 ildir davam edir.

Sherg.az xəbər verir ki, iddiaya görə, 2019-cu ildə keçirdiyi son estetik müdaxilədən sonra dodağını qidalandıran əsas damar tutulub və nəticədə toxuma nekrozu baş verib. Uzunoğlu bu müddətdə bir neçə dəfə əməliyyat olunduğunu, lakin sağlamlığının tam bərpa edilmədiyini bildirib.

Cinayət işi üzrə həkimlərə bəraət verilsə də, İstehlak Məhkəməsi Uzunoğlunun xeyrinə 994 min 331 lirə məbləğində təzminat qərarı çıxarıb. Hazırda iş apellyasiya instansiyasında icraatdadır.

Zərərçəkən qadın hələ də müalicəyə ehtiyacı olduğunu vurğulayaraq, “Gülüşüm yoxdur, yemək yemək mənim üçün problemdir. Sadəcə ədalətin bərqərar olmasını istəyirəm”, - deyə bildirib.