İki qadını Türkiyəyə apararaq cinsi istismara məruz qoyan şəxslə bağlı QƏRAR

Şəki Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Səmayə Səlimovanın (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Sherg.az Pravda.az-a istinadla xəbər verir ki, hakim Xaliq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət bu il məhkəməyə işi daxil olub.

İttihama görə, Səmayə Səlimova tamah məqsədi ilə 2025-ci ilin oktyabr ayında Biləsuvar rayonunda birlikdə yaşadığı tanışı, zərərçəkmiş S.S. ilə əlaqə saxlayaraq onu Türkiyənin Adana şəhərində yerləşən restoranlardan birində xidmətçi kimi işlə təmin edəcəyini vəd edib. O bu vədlərlə zərərçəkmişi aldadaraq onun zəif vəziyyətindən və təsir imkanlarından istifadə edib, qadını cinsi istismar məqsədilə xarici ölkəyə aparmağa razı salıb. S.S. razılıq verdikdən sonra Səmayə Səlimova onu Azərbaycan-Türkiyə sərhədində yerləşən buraxılış məntəqəsindən keçirərək əvvəlcə Ankaraya, daha sonra isə Adana şəhərinin Tufanbəyli kəndinə aparıb.

İttihamda göstərilir ki, qadın həmin ərazidə tanışına məxsus evdə yerləşdirildikdən sonra təqsirləndirilən şəxs onun ümumvətəndaş pasportunu götürərək özündə saxlayıb. Bundan sonra əlaqələrindən istifadə edərək məsuliyyətə cəlb etdirəcəyi, həmçinin barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib və müxtəlif üsullarla onu məcbur edib.

Zərərçəkmiş müəyyən müddət ərzində Adana şəhərinin Tufanbəyli kəndində yerləşən "Çaresiz" adlı kafedə kişi müştərilərlə pul müqabilində görüşdürülərək cinsi istismara məruz qalıb.

Bundan başqa, Səmayə Səlimova bununla kifayətlənməyərək 2025-ci ilin noyabr ayının əvvəlində Balakən rayonunda yaşayan digər tanışı, zərərçəkmiş D.D. ilə də telefon əlaqəsi saxlayıb.

Ona da Türkiyədə restoranlardan birində iş vədi verərək aldadıb, bütün yol xərclərini öz üzərinə götürərək Türkiyəyə aparıb.

İstintaq materiallarında qeyd olunur ki, D.D. də Adana şəhərinin Tufanbəyli kəndində yerləşən kafedə saxlanılıb. Təqsirləndirilən şəxs onu zor tətbiq ediləcəyi ilə hədələyib, əlaqələrindən istifadə edərək məsuliyyətə cəlb etdirəcəyi və barəsində rüsvayedici məlumatlar yayacağı ilə qorxudub.

Daha sonra qadın müxtəlif otaqlarda kişi müştərilərlə pul müqabilində görüşdürülərək cinsi əlaqəyə məcbur edilib, bununla da D.D. cinsi istismara məruz qalıb.

Beləliklə, ittiham orqanının mövqeyinə görə, Səmayə Səlimova iki qadına münasibətdə təkrarən insan alveri cinayəti törədib, eyni zamanda insan alveri qurbanının şəxsiyyət sənədini qanunsuz olaraq saxlayıb.

Lakin məhkəmə cinayət işinin mahiyyətinə deyil, onun hansı məhkəmədə baxılmalı olması məsələsinə hüquqi qiymət verib.

Məhkəmə qeyd edib ki, ittiham edilən əməllərin əsas hissəsi xarici dövlətin ərazisində törədildiyindən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə əsasən, belə hallarda cinayət işinə təqsirləndirilən şəxsin Azərbaycan ərazisində sonuncu yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə baxmalıdır.

Araşdırma zamanı müəyyən olunub ki, Səmayə Səlimova Türkiyəyə getməzdən əvvəl sonuncu dəfə Gəncə şəhərində yaşayıb və onun yaşayış yeri Şəki Ağır Cinayətlər Məhkəməsinin ərazi yurisdiksiyasına daxil olmayıb. Bu səbəbdən Şəki Ağır Cinayətlər Məhkəməsi cinayət işinin məhkəmə aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edib.

Qərara əsasən, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri də dəyişdirilməyib və iş Gəncə Ağır Cinayətlər Məhkəməsində hazırlıq iclasında baxılanadək qüvvədə saxlanılıb.