“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq

Silivri Cümhuriyyət Baş Prokurorluğu tərəfindən 2011-ci ildə Silivri həbsxanasında vəfat edən keçmiş MİT əməkdaşı Kaşif Kozinoğlunun ölümü ilə bağlı başladılan istintaq çərçivəsində “Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılmasına qərar verilib.

Sherg.az xəbər verir ki, araşdırma serialda təşkilati təbliğat xarakterli məzmunun olduğu barədə iddialarla əlaqədardır.

Silivri Cümhuriyyət Baş Prokurorluğu “Kurtlar Vadisi” serialında “Kazım Kaşifoğlu” obrazının vətən xaini kimi təqdim edildikdən sonra öldürülməsi, bəzi səhnələrdə üzərində “FG” hərf qrupu olan avtomobil nömrələrindən istifadə edilməsi, eləcə də serialın müəyyən bölümlərində FETÖ/PDY silahlı terror təşkilatının lehinə təbliğat, gizli mesaj, təşkilati göstəriş və ya yönləndirmə xarakterli məzmunların yer aldığı barədə iddiaların araşdırılmasına qərar verib.

Bu məqsədlə müvafiq sahələr üzrə mütəxəssislərdən ibarət ekspert heyətinin yaradılması və sözügedən məzmunların həmin heyət tərəfindən araşdırılması nəzərdə tutulur.