Muhsin Yazıcıoğlu işi üzrə 25 şübhəli saxlanılıb

Türkiyənin ədliyyə naziri Akın Gürlek bildirib ki, Muhsin Yazıcıoğlu və onunla birlikdə olan şəxslərin həlak olduğu helikopter qəzası ilə bağlı aparılan istintaq çərçivəsində 10 vilayətdə eyni vaxtda əməliyyat keçirilib.

Sherg.az xəbər verir ki, nazirin sözlərinə görə, terror təşkilatı yaratmaq, idarə etmək və üzv olmaq, eləcə də qəsdən adam öldürməkdə şübhəli bilinən 29 nəfər müəyyən edilib. Ankara, İstanbul, İzmir və digər şəhərlərdə keçirilən əməliyyatlar zamanı 25 şübhəli saxlanılıb.

Məlumata görə, 2 şübhəli xaricdə, daha 2 nəfər isə həbsdədir. Digər şübhəlilərin axtarışı davam etdirilir.

Saxlanılanlar arasında Yazıcıoğlu işi üzrə daha əvvəl “sənədlərin saxtalaşdırılması” və “vəzifə səlahiyyətlərindən sui-istifadə” ittihamları ilə mühakimə olunmuş keçmiş polis rəisi Dursun Özmen də var.

Yazıcıoğlu ailəsinin vəkili Kemal Yavuz əməliyyatı mühüm addım adlandıraraq, istintaqın daha da genişlənəcəyini və yeni əməliyyatların keçiriləcəyini gözlədiklərini bildirib.